Yeni nazir təyinatı: hansı dəyişikliklər gözlənilir? – FOTO

Prezident İlham Əliyev Fərid Turab oğlu Əhmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu təyinatdan sonra ədliyyə sahəsində ciddi dəyişikliklərin olacağı deyilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri olaraq bu sahədə müəyyən çatışmazlıqların, boşluqların olduğunu görürdük:

“İlk növbədə Məhkəmə-Hüquq Şurasının sədrliyi vəzifəsi Ədliyyə Nazirliyindən alınaraq Ali Məhkəmənin sədrinə həvalə olunması doğru addım idi. Çünki təyin edən və təqdimat verən qurum hakimlərin cəzalandırılmasında obyektiv və ədalətli ola bilməz. Dəfələrlə Məhkəmə-Hüquq Şurasının müstəqil qurum olması barədə fikirlər səsləndirmişəm. Burada Azərbaycanın tanınmış hüquqşünas və pedaqoqları, alimləri iştirak edə bilərlər. Onlar da hakimlər barədə şikayətlərə baxarkən fəaliyyətlərinin nə qədər qanunauyğun olub-olmadığını aşkar edəcəklər”.

Azərbaycanın yeni ədliyyə naziri kimdir? - DOSYE

Fərid Əhmədov

Çingiz Qənizadənin sözlərinə görə, ədliyyə çoxşaxəli sahədir:

“Hər sahənin öz çətinlikləri var. Ədliyyə Nazirliyində çox işlər görülüb, amma yenə də müəyyən narazılıqlar var idi. Bəzi sahələrin fəaliyyəti ASAN Xidmət vasitəsilə daha əlçatan olub.

Ədliyyə Nazirliyinin strukturlarında olan boşluqlar və çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər görüləcək”.

Safura Bənnayeva
Globalinfo.az