Yeni ildə əfv ola bilər: məşhur dustaqlar buraxılacaq? – AÇIQLAMA

Azərbaycanda adətən əlamətdar günlərdə, Yeni il ərəfəsində, Novruz bayramı öncəsi əfv sərəncamı imzalanır.

Son olaraq mayın 8-də imzalanan sərəncama əsasən, 801 məhkum əfv olunub. Artıq dekabrın 31-də növbəti sərəncamın imzalanmasının mümkün olub-olmadığı müzakirə edilir.

Bəs Yeni ildə növbəti əfv sərəncamının verilməsi gözlənilirmi? Məşhur dustaqlardan kimlərin azadlığa çıxmaq şansı var?

Məsələ ilə bağlı Globalinfo.az-ın suallarını cavablandıran Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə növbəti əfv qərarının nə zaman verilə biləcəyinə aydınlıq gətirib:

Çingiz Qənizadə

“Prezident İlham Əliyev ənənəvi olaraq 31-dekabrda əfv sərəncamı imzalayır. Təbii olaraq artıq insanlar buna öyrəşiblər. Adətən əfv sərəncamı ildə bir dəfə verilir. Lakin bu, Prezidentin yenidən sərəncam verməyəcəyi mənasına gəlmir. Bu il may ayında bir dəfə belə bir qərar imzalandı. Biz hüquq müdafiəçiləri olaraq Yeni ildə növbəti sərəncamın imzalanmasını gözləmirik. Əgər dekabrda bu olmasa, biz böyük ümidlə Novruz bayramı ərəfəsində əfv qərarının verilməsini gözləyəcəyik. Adətən bu zamanlarda Əfv Komissiyası bir ay ərzində toplanırdı. Lakin hazırda belə bir şey görmürük.

Yenə də yeni ildə 100% əfv qərarının verilməyəcəyini deyə bilmərik. Hər şey mümkündür. Komissiya sistematik şəkildə bir neçə iclas keçirərək müraciətlərə baxa bilər. Amma hələlik bizdə olan məlumata əsasən dekabrın 31-də əfv sərəncamının imzalanması gözlənilmir”.

Ayşən Mustafa
Globalinfo.az