Dünən saat 18:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış qeydə alınıb.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Çağırış ünvana dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı şəxs (kişi) sol budun aşağı üçdə bir hissəsinin kəsilmiş – deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan yeniyetmənin göstərilən reanimasiya tədbirləri və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 22:00 radələrində ölüm faktı qeydə alınıb.
***00:21
Xəbər verdiyimiz kimi, Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində, 52 nömrəli məktəbin yaxınlığında yerləşən beşmərtəbəli binanın həyətindəki söhbətgahda baş verib.
İlkin məlumata görə, məktəbli yeniyetmələr arasında yaranan mübahisə qısa zamanda qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı məktəblilərdən biri digərinə bıçaqla şah damarından xəsarət yetirib.
Hadisə baş verən an yeniyetmələrin yanında təxminən 10-a yaxın başqa şəxs də olub. Əraziyə dərhal polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***22:47
Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində qətl hadisəsi olub.
Globalinfo.az xəbər verir ki, bu haqda “Qafqazinfo”ya DİN-dən məlumat verilib:
“2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb”.
Araşdırmalar davam etdirilir.














