YAP-çı deputatdan Qüdrət Həsənquliyevin partiyasına cavab: “Etiraf edirlər ki…”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının baş katibi Yaşar Kələntərli bildirib ki, iqtidar ölkəmizin imicini və milli maraqlarını nəzərə alaraq, çoxpartiyalı siyasi sistemin inkişafı naminə 83-dən artıq dairədə öz namizədini irəli sürməsin.

“Bəzi ölkələrin qanunvericiliyində təsbit olunub ki, heç bir partiya və ya seçki bloku parlamentdə yerlərin üçdə ikisindən (2/3-dən) çoxunu tuta bilməz. İmkan yaradılsın ki, digər partiyalarda formalaşmış peşəkar siyasətçilər Milli Məclisə seçilə bilsin, parlament çoxpartiyalılıq prinsipi əsasında formalaşsın və fəaliyyət göstərsin, Milli Məclisdə heç olmasa bir müxalifət fraksiyası olsun. Əgər Ali Məclis partiyanın öz namizədləri ilə seçkiyə qatılması barədə qərar qəbul edərsə, biz başqa partiyalarla seçki bloku yaradılması istiqamətində danışıqlar aparacaq və cəhd edəcəyik ki, mümkün qədər digər partiyaların tanınmış şəxsləri ilə eyni dairədən namizədlər irəli sürməyək. Ali Məclis öz namizədlərimizlə seçkiyə qatılmağı məqbul saymasa, biz, digər müxalifət partiyalarından namizədliyi irəli sürülmüş, yaxud müstəqil namizəd olan vicdanlı və peşəkar siyasətçiləri müdafiə edəcəyik” – Y. Kələntərli deyib.

YAP ƏHD-in çağırışına necə cavab verəcək? Neçə dairə boş saxlaya bilər?

Globalinfo.az -a danışan YAP-çı deputat Hikmət Babaoğlu deyib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinin başlanğıc mərhələsində hər hansı bir siyasi partiyanın müəyyən təşəbbüs ilə çıxış etməsi təqdirəlayiq haldır:

“Azərbaycanın dinamik, demokratik, siyasi sistemi var və hər bir siyasi partiya qanunlar çərçivəsində müxtəlif təşəbbüslər ilə çıxış edə bilər.
ƏHD partiyasının açıqlamasında düşünürəm bir etiraf var. Bu da təqdirəlayiqdir. Doğrudan da YAP hakim partiya kimi bu günə qədər böyük nailiyyətlərə imza atıb. İqtidar partiyasının ölkədə nüfuzu çox böyükdür. ƏHD partiyasının funksioneri də bunu etiraf edir.

Yeni mərhələdə siyasi sistemimiz ədalətli fikir, obyektiv mövqe üzərində inşa edilməlidir. Beləliklə, yeni dövrün tələbləri üzrə fərqli daxili siyasi sistem inşa edə bilərik. Parlament seçkiləri də bir siyasi mübarizədir və partiyaların xarakteri onu tələb edir ki, daha çox yer qazansın.
Hakim partiya 83 və daha çox yerə iddia edə bilər. Qanunlarımız buna xüsusi bir məhdudiyyət qoymur. Müxalif partiyalarımız daha çox yer istəyirsə cəhd edib rəqabətə davamlı hala gəlməlidir”.

H. Babaoğlu, Yaşar Kələntərlinin “Ali Məclis öz namizədlərimizlə seçkiyə qatılmağı məqbul saymasa, biz, digər müxalifət partiyalarından namizədliyi irəli sürülmüş, yaxud müstəqil namizəd olan vicdanlı və peşəkar siyasətçiləri müdafiə edəcəyik” sözlərinə cavab verib:

“Fraksiyaların formalaşması normaldır. VI çağırış Milli Məclisdə on bir siyasi partiya təmsil olunub. Hakim partiya bu partiyalardan sadəcə biridir. Yəni on siyasi partiya müxalifdir. Bundan başqa Milli Məclisdə bitərəf deputatlar da var.

Hər hansı bir partiya başqa partiya ilə fraksiya yaratmaq istəyirsə, onlar aralarında əməkdaşlıq edə bilərlər. ƏHD partiyası seçki prosesində istədiyi siyasətçi ilə əməkdaşlıq edib, istədiyi partiya ilə fraksiya yarada bilər. Bu onların hüququdur”.

Turan Rzayev
Globalinfo.az