Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun general-mayor Akif Pirverdiyevi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Komandanı vəzifəsinə təyin etməsi müzakirələrə səbəb olub.
General-leytenant Hikmət Mirzəyevin yerinə gələn Akif Pirverdiyev kimdir?
Onun təyinatından sonra XTQ-nin işində hansı dəyişikliklər ola bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev Akif Pirverdiyevi şəxsən tanıdığını bildirib.
O, eyni hərbi hissədə xidmət etdiklərini deyib:
“Digər tərəfdən isə general Piriverdiyev kifayət qədər təcrübəli, şəxsi heyət arasında müsbət nüfuza malik generallarımızdan biridir. Aprel əməliyyatları və Vətən müharibəsində iştirak edib, Ali Baş Komandan tərəfindən bir çox medallarla, eləcə də “Zəfər ordeni” ilə təltif olunub. İndiyə qədər olan müddətdə də Pirverdiyev uzun zaman XTQ-də rəhbər vəzifələrdə xidmət edib”.
Ə.Verdiyevin sözlərinə görə, general-leytenant Hikmət Mirzəyev Quru Qoşunlarına komandan təyin olunan gündən onun vəzifələrini icra edən məhz general-mayor Akif Piriverdiyev olub:
“İndi artıq nazirin əmri ilə bu vəzifəyə rəsmi olaraq gətirilib. Piriverdiyevin XTQ-yə təyin olunması müsbət bir addım kimi qarşılana bilər. Hesab edirəm ki, Azərbaycanın dəyərli generallarından olan A.Piriverdiyev XTQ-nin bundan sonra da Azərbaycan xalqının vuran qolu olaraq fəaliyyət göstərməsi üçün əlindən gələni edəcək”.
Zaira Akifqızı
Globalinfo.az














