İsrailin Livanda “Hizbullah”a qarşı keçirdiyi əməliyyatların miqyası genişlənir. Təşkilat liderlərinin son hücumlarda ard-arda öldürülməsi İranda narahatlığın artmasına səbəb olub.
Bəzi ekspertlər Yaxın Şərqdəki gərginliyin Cənubi Qafqaza da sıçraya biləcəyini iddia edirlər. Həmçinin Tehranın mövcud vəziyyəti nəzərə alaraq regionla bağlı siyasətində korrektələr edəcəyi də qeyd olunur.
Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, İranın Yaxın Şərqdə geosiyasi zərbələr alması onun Cənubi Qafqazdakı “qırmızı xətlərini” də aşındırır:
“Qruplaşmanın lideri Həsən Nəsrullahın öldürülməsi ilə əlaqədar vacib bir fakt diqqətdən kənarda saxlanılır. İran “Hizbullah” təşkilatını Livandakı vətəndaş müharibəsinin gedişatında yaradıb. O zamankı ali rəhbər İmam Xomeyni İranın Livanda siyasi və hərbi iştirakının gələcəkdə Tehrana qarşı tələ kimi istifadə edilə biləcəyi mövqeyində idi. Lakin SEPAH daxil olmaqla İran hərbi elitası Xomeynini inandırdılar ki, ölkədə döyüşçülərdən ibarət dəstələrin yaradılması vacibdir”.

Aqşin Kərimov
Ekspertin sözlərinə görə, bu gün İranın ard-arda proksi qüvvələrə endirilən zərbələrlə Yaxın Şərqdə mövqelərinin laxladığı görünür:
“Ancaq Tehranda hansısa qüvvələr proksi orduları qurban verən siyasətin tərəfdarı kimi çıxış edirlər. Nəticədə görünməmiş bir hadisənin baş verməsi mümkündür. İsrail və İran Çinin vasitəçiliyi ilə danışıqlar masasına otura bilərlər. Fikrimcə, Tehran Yaxın Şərqdə kompromis siyasəti həyata keçirməyə hazırlaşır.
İsrailin həmlələri səbəbi ilə Cənubi Qafqazda çətin vəziyyətdə qalan İran Zəngəzur dəhlizinə nisbətdə istifadə etdiyi “qırmızı xətlər” ifadəsini redaktə edə bilər. Tehranın icbari tələb kimi Azərbaycanla əməkdaşlıq kanallarını genişləndirərək dəhliz məsələsində güzəşt siyasətini nümayiş etdirməsi gözləniləndir. Beləliklə, İranın Yaxın Şərq arenasında düçar olduğu problemlər onun Cənubi Qafqazda geosiyasi mövqelərinə mənfi təsir edəcək”.
Turan Rzayev
Globalinfo.az














