XİN-dən ardıcıl “bu ölkələrə getməyin” çağırışı – Nələr baş verir?

XİN-dən ardıcıl "bu ölkələrə getməyin" çağırışı - Nələr baş verir?

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşların Livana səfər etməməsi barədə çağırış edib. Qeyd olunub ki, Livanın yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunub.

Bundan başqa, İsrail və Fələstinə də bənzər səfərlərin baş tutmasının riskli olduğu diqqətə çatdırılıb və vətəndaşların bu ölkələrə də getməməsi ilə bağlı xəbərdarlıq edilib.

Təhlükəsizlik üzrə ekspert Mətin Məmmədli Globalinfo.az-a bildirib ki, Azərbaycan XİN-in bu çağırışlarını təbii qəbul etmək lazımdır:

“Son günlərdə Yaxın Şərqdə, xüsusilə də Livanda hərbi, siyasi eskalasiya riski kifayət qədər artıb. Vəziyyət çox gərgindir.

XİN-dən ardıcıl "bu ölkələrə getməyin" çağırışı - Nələr baş verir?

Mətin Məmmədli

HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra bölgədə genişmiqyaslı müharibənin başvermə ehtimalı artdı. Bu səbəbdən Azərbaycan öz vətəndaşlarının taleyindən narahatdır və Livanla bərabər başqa ölkələrlə bağlı da bənzər açıqlamaların verilməsi təbiidir. Paytaxt Bakı da daxil olmaqla ölkədə təhlükəsizlik gücləndirilməlidir. Münaqişə olan region coğrafi baxımdan Azərbaycana yaxındır, həmin ölkələrlə sıx əlaqələrimiz var”.

M.Məmmədlinin sözlərinə görə, Azərbaycanda proseslər nəzarət altındadır.

Safura Bənnayeva
Globalinfo.az