Putinin bizə dirisi lazımdır, yoxsa “ölüsü”? – “Moskva buna görə Bakıya möhtacdır”

2024-cü ildə bir neçə ölkədə prezident seçkilər gözlənilir. Həmçinin qonşu Rusiyada da martın 17-də seçkilərin keçiriləcəyi açıqlandı və Vladimir Putin namizəd olacağını bildirdi.

Putinin hakimiyyətdə qalıb-qalmaması region dövlətləri və Rusiya-Ukrayna müharibəsində kəskin mövqe sərgiləyən Qərbin maraq dairəsindədir. Lakin Kremldə hakimiyyət dəyişikliyi məsələsi daha çox Cənubi Qafqaz ölkələrinin diqqət mərkəzindədir. Hazırda Putinin qalması, yaxud getməsi regionun iki ölkəsinin Qərbə inteqrasiya qərarı, Rusiyadan üz çevirməsi, Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqlarının gedişatına təsiri müzakirə olunan amillərdəndir.

Bəs Putinin iqtidarda qalması Azərbaycana sərfəlidirmi? Rusiyada iqtidarın, rejimin dəyişməsi ölkəmizə nə kimi təsir edə bilər?

Elçin Abdullayev

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elçin Abdullayev Rusiyada keçiriləcək seçkilərin nəticəsinin artıq bəlli olduğunu deyib:

“Bildiyiniz kimi, 2024-cü il Azərbaycana qonşu olan ölkələrin əksəriyyətində seçki ili olacaq. Dünyanın və regionun narahatlıq keçirdiyi bir məqamda qonşu dövlətlərdə, xüsusən də Rusiyada kimin, yaxud da hansı qüvvələrin iqtidara gələcəyi Azərbaycan vətəndaşları üçün də maraq kəsb edir. Bəli, artıq Kremlin hazırkı sahibi Vladimir Putin martın 17-də Rusiyada keçiriləcək prezident seçkilərində namizəd olacağını bəyan edib. Rusiya liderinin yenidən namizəd olması isə ondan xəbər verir ki, ruslar növbəti illərdə də Putinin idarəçiliyi altında yaşayacaqlar. Yəni, 2024-cü ildə də Rusiyada rejim dəyişməyəcək. Çünki Vladimir Putin hakimiyyətdə olduğu illər ərzində dövlətin ona verdiyi imkanlardan və resurslardan istifadə edərək bütün siyasi rəqiblərini sıradan çıxarıb. Belə demək mümkündürsə, 140 milyonluq Rusiyada hal-hazırkı məqamda Vladimir Putinə qalib gələcək rəqib yoxdur”.

Politoloq bildirib ki, Moskvanın hazırda Bakıya ehtiyacı var:

“İstər Putin iqtidarda olsa, istərsə də digər qüvvələr hakimiyyətə gəlsə, Azərbaycanla münasibətləri qoruyub saxlamağa məhkumdurlar. Belə ki, ABŞ liderliyində Qərbin Rusiya ətrafında qurduğu oyunun fonunda Bakı Moskva üçün nəfəslik rolunu oynayır. Yəni, Bakının oynadığı rol Kremldə kimin oturmasına baxmayaraq, Rusiya üçün hava-su qədər vacibdir. Moskvaya hazırkı vəziyyətdə regionda kifayət qədər aktiv siyasət yürüdən dövlətə ehtiyacı var. Qafqazda həmin ölkə isə yalnız Azərbaycandır”.

Ayşən Mustafa
Globalinfo.az