Xəzər dənizi ilə bağlı mühüm razılıq: Rusiya XİN açıqladı

Xəzər dənizi ilə bağlı mühüm razılıq: Rusiya XİN açıqladı

Xəzər dənizində birbaşa baza xətlərinin yaradılması haqqında sazişin bağlanmasına hazırlıq işləri gedir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov Həştərxanda keçirilən Xəzər Media Forumunda bildirib.

Onun sözlərinə görə, bu, ölkələrə dövlət sərhədlərini və balıqçılıq zonalarını müəyyən etməyə imkan verəcək. Petrakov deyib ki, birgə saziş mürəkkəb məsələdir, çünki bir neçə dövlətin milli maraqları kəsişir:

“Danışıqlar prosesinin təfərrüatlarını açıqlaya bilmərəm, lakin biz Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupu çərçivəsində bu məsələ ilə bağlı kifayət qədər irəliləyiş əldə edə bilmişik”.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Xəzər gənc regiondur.

Xəzər dənizi ilə bağlı mühüm razılıq: Rusiya XİN açıqladı

Kənan Novruzov

“1991-ci ildə bu strukturda yeni dövlətlərin yaranması ilə formalaşıb. Beş dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər dənizində qarşılıqlı fəaliyyət məsələlərini bir neçə dəfə müzakirə edib. Ən ciddi təmaslar isə 2018-ci ildə baş tutdu. Belə ki, həmin il dövlətlər arasında qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edən ilk konvensiya imzalanıb. Amma İran və Türkmənistan bəzi məsələlərdə fikir ayrılığı yaşayır. Bu da öz növbəsində prosesi uzadır.

Bununla belə Xəzər dənizi platforması çoxdan yaradılıb. Xəzərin hüquqi statusu digər dörd dövlət – Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan kimi Rusiyanı da eyni dərəcədə maraqlandırır. Və Moskva haqlı olaraq bu məsələdə digər dövlətlərlə bərabər hüquqa malik olduğunu düşünür.

Düşünmək olar ki, proses davam edəcək. Əlbəttə, bu, həm də müəyyən mənada Rusiyanın Cənubi Qafqazla bağlı maraqlarının təmin olunmasına kömək edə bilər. Xəzər dənizi platforması Rusiya üçün həm iqtisadi, həm siyasi, həm də infrastruktur əhəmiyyətlidir. Ona görə də strateji rol oynayır”.

Turan Rzayev
Globalinfo.az