Xersondan son xəbər: “Kaxovkada ekoloji fəlakət yaşanır”

Kaxovka su anbarındakı partlayışa görə Ukraynada ciddi ekoloji fəlakət yaşanır. Rusiya bəndin partladılması ilə bağlı ittihamları qəbul etməsə də, hadisənin anbaan görüntüləri və bir sıra əsaslar burada Moskvanı hədəf göstərir.

Bəndin dağıdılması nəticəsində xüsusilə Xerson vilayətinin çox hissəsi su altında qaldığı bildirilir.

Bəs hazırda Kaxovkada vəziyyət necədir? Su anbarının partladılması müharibənin gedişatı və bölgənin vəziyyətinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan Ukraynada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu bildirib ki, bu fəlakət bir sıra problemlərə yol açacaq:

“Kaxovka bəndinin dağıdılması çox ciddi ekoloji fəlakətə səbəb olub. Təxminən 80-ə yaxın yaşayış məntəqəsi su altında qalıb. İşğal altında olan Krımın əhalisi də daxil yüz minlərlə insanın su təminatında problemlər yaranıb. 50 minə yaxın insan su altında qalan kənd və qəsəbələrdən didərgin düşüb. Mütəxəssislərin fikrincə, sərhədsiz axan su kütlələrinin müxtəlif ərazilərdən keçərək Qara dənizə tökülməsi, zərərli toksik bir sıra maddənin də axınla birlikdə dənizə qarışması deməkdir. Bu da Qara dənizin Ukrayna hissəsində mikrofauna və mikrofloraya ciddi ziyan vuracaq.

Anar Natiqoğlu: “Ukraynaya hazırda İngiltərə və Amerika Birləşmiş Ştatları dəstək verir” – TürkMedia.az
Anar Natiqoğlu

Həmçinin minlərlə hektar əkin sahələri, bağlar yararsız hala düşüb. Yəni ruslar tam bir ekoloji fəlakət həyata keçiriblər. Ukrayna hökumətinin məlumatında isə bu hadisənin silahlı qüvvələrin işğalda olan əraziləri, xüsusilə də cənubda Krımın işğaldan azad edilməsi üçün nəzərdə tutulan planların həyata keçirilməsinə mane ola bilməyəcək. Rusların bu terrora əl atması aylar öncədən təxmin edilirdi”.

Ayşən Mustafa
Globalinfo.az