25-29 iyul tarixlərində Azərbaycanda havanın temperaturunun xeyli yüksələcəyi proqnozlaşdırılır. Gözlənilən isti hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına xəbərdarlıq edib. Bildirilir ki, yüksək temperatur sürücülərdə diqqətin azalmasına, yorğunluğun artmasına və reaksiya müddətinin uzanmasına səbəb ola bilər ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
Bəs belə hava şəraitində insanlar öz sağlamlıqlarını və təhlükəsizliklərini qorumaq üçün nələrə diqqət etməlidirlər?
Globalinfo.az-a danışan terapevt Vüsalə Mirzəyeva deyib ki, son günlər havaların həddindən artıq isti keçməsi ilə əlaqədar əhaliyə bir sıra vacib tövsiyələr verilir:
“İlk növbədə, saat 11:00-dan 17:00-dək mümkün qədər açıq havada olmaqdan çəkinmək lazımdır. Orqanizmin susuz qalmasının qarşısını almaq üçün susuzluq hissini gözləmədən gün ərzində kifayət qədər sərin su qəbul edilməlidir. Kofeinli və spirtli içkilərin istifadəsi isə mümkün qədər məhdudlaşdırılmalıdır”.
Terapevt daha bur vacib məsələyə toxunub:
“Geyim seçiminə də diqqət yetirilməlidir. Açıq rəngli, pambıq tərkibli və yüngül geyimlərə üstünlük verilməsi tövsiyə olunur. Xüsusilə arterial təzyiqdən əziyyət çəkən şəxslər daha ehtiyatlı olmalı, həkim tərəfindən təyin olunmuş dərmanları vaxtında qəbul etməli və günün ən isti saatları olan 11:00–17:00 aralığında açıq havada qalmaqdan çəkinməlidirlər”.

Vüsalə Mirzəyeva
Vüsalə Mirzəyeva dənizə gedənlərə də müraciət edib:
“Çimərliklərdən yalnız günün nisbətən sərin saatlarında – saat 12:00-dək və 17:00-dan sonra istifadə etmək tövsiyə olunur. Günün ən isti vaxtlarında uzun müddət birbaşa günəş şüaları altında qalmaq sağlamlıq üçün risk yarada bilər”.
V.Mirzəyeva yüngül qidalardan istifadə etməyi tövsiyə edib:
“Qidalanmada yüngül rasiona üstünlük verilməli, xüsusilə mövsümi meyvələr, o cümlədən qarpız daha çox istehlak edilməlidir. Eyni zamanda, orqanizmin susuz qalmaması üçün gün ərzində bol maye, ilk növbədə isə su qəbul etmək vacibdir”.
Zaira Akifqızı
Globalinfo.az