Xankəndiyə yollar açıldı, bundan sonra nə olacaq?

Ağdam-Xankəndi və Laçın yolu ilə eyni anda Qarabağa humanitar yüklərin çatdırılması təmin edildi. Hələ prosesdə bəzi həll edilməli məsələlər qalsa da, bu yenilik Qarabağın erməni əsilli sakinlərinin Azərbaycana reinteqrasiyası istiqamətində müsbət qiymətləndirilir.

Lakin Qarabağa humanitar yük daşımaların təmin edilməsinə baxmayaraq separatçılar yenə də təxribatçı əməllərdən əl çəkmirlər. O cümlədən Qarabağdakı “humanitar böhran” Ermənistanla sülh prosesində də durğunluğun yaranmasına əsas səbəblərdən biri kimi göstərilirdi.

Bəs prosesin bundan sonrakı mərhələsi nədir? Yolların açılması Azərbaycan və Ermənistan arasında sülh prosesini sürətləndirəcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Elman Babayev bildirib ki, Azərbaycan ciddi təzyiqlərə rəğmən istəyinə nail oldu:

“Təqribən 3 ay davam edən danışıqlardan sonra Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın növbəti qələbəsidir. Təbii ki, Azərbaycanın mövqeyinin qalib gəlməsi növbəti proseslərin irəli getməsinə ciddi təkan verəcək və sülh anlaşmasının imzalanması qarşısındakı maneələrin aradan qalxmasında xüsusi rol oynayacaq. Hamı artıq bir daha anladı ki, bu ərazidə yalnız Azərbaycanın sözü keçir və keçəcək.

Sentyabrın 18-dən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin məhz ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla daşınması heç də asan başa gəlmədi. Bu müddət ərzində Azərbaycana öz mövqeyindən geri çəkilməsi, bu yolun açılması ilə bağlı təklifini geri götürməsi üçün müxtəlif səviyyələrdə təzyiqlərə əl atıldı. Xüsusilə ABŞ və Fransa ermənilərin ağzı ilə danışaraq Laçın-Xankəndi yolunun açılmasını tələb etdilər. Rəsmi Bakının Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadəsi təklifinin üzərində israrla dayanmasını görən bu ölkələr əllərində olan bütün təzyiq rıçaqlarını işə saldılar, müxtəlif qətnamələr, hesabatlar qəbul olundu və s”.

Elman Babayev | Banker.az
Elman Babayev

E.Babayev hər iki yolla eyni anda yük daşımaların təmin edilməsinin bölgədəki proseslərin gələcəyinə təsirindən söz açıb:

“Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından Azərbaycanın nəzarəti altında paralel istifadə olunması qeyd etdiyimiz kimi digər proseslərin irəliləməsinə müsbət təsir göstərəcək. Mümkündür ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün real addımlar atılsın.

Azərbaycan erməni əsilli vətəndaşların reinteqrasiyası üçün bütün mümkün addımları gerşəkləşdirməyə, onların təhlükəsizliyini təmin etməyə hazır olduğunu dəfələrlə ən üst səviyyədə bəyan edib. Rəsmi Bakının bütün xoş məramlı addımlarına cavab olaraq separatçılar təxribatları davam etdirərsə, antiterror əməliyyatlarına başlamaq Azərbaycanın hüququdur. Amma diplomatik yollar hələ tükənməyib və uğurlu, səbrlə yürüdülən siyasət Azərbaycanı addım-addım istəyinə yaxınlaşır. Separatçıların Qarabağda varlığı uzun sürməyəcək, bunu onlar özləri də yaxşı dərk edirlər. Laçın sərhəd buraxılış məntəqəsindən müxtəlif adlarla separatçıların qarşı tərəfə keçməsi ilə bağlı faktlar bunun əyani sübutlarından biridir”.

Qeyd edək ki, sentyabrın 18-də həm Ağdam-Xankəndi, həm də Laçın yolu vasitəsi ilə Qarabağa humanitar yüklərin çatdırılması təmin edilib.

Ayşən Mustafa
Globalinfo.az