Növbədənkənar prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazilərində keçiriləcək. Bununla belə, bəzi suallar aktual olaraq qalır.
Maraqlıdır, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və s. ərazilərdə səsvermə necə keçiriləcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov deyib ki, istənilən halda o şəhər və qəsəbələrdə seçki dairələri, məntəqələri yaradılacaq:
“Bu, ölkə üzrə suverenliyimizi bərpa etdiyimizin növbəti sübutu olacaq. O ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri gedir. Orada çalışan insanlar səsvermədə iştirak edə bilərlər. Digər tərəfdən, Azərbaycan Qarabağı tərk etməyən və ya tərk edib geri qayıdaraq vətəndaşlığı qəbul etmək istəyən ermənilər üçün xüsusi portal yaradıb. Hazırda müraciət edənlərin sayı barədə məlumatım olmasa, düşünürəm ki, belələri var və onlar da səsvermədə iştirak edə biləcəklər. Amma bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) daha dəqiq məlumat verə bilər”.
Qeyd edək ki, məsələ ilə bağlı MSK-dan cavab almaq mümkün olmadı.
Turan Rzayev
Globalinfo.az














