Əliyev Xankəndidə bəyan etdi – Tarixi addımın şifrələri

“Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev bir sıra faktları açıqlayıb”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndi şəhərində Novruz tonqalını alovlandırması və buradan xalqımızı təbrik etməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, ölkə başçısı bildirib ki, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilib:

“Ölkəmizdə bir sıra insanlar hesab edir ki, Xankəndini ermənilər tikib şəhər halına gətirib. Bu, yalandır. Ola bilər ki, orda çalışan fəhlələr erməni olsun, lakin şəhərin hakimi də, tikintini maliyyələşdirən də Azərbaycan SSR olub.

Xankəndi şəhəri işğal dövründə dəyişdirilməyə, erməni şəhəri halına salınmağa çalışılıb. Lakin bu şəhər Azərbaycan memarlıq üslubunun həm tarixi, həm də yeni elementlərini özündə birləşdirir. Bu gün də şəhər öz əsl sahibindədir. Prezident İlham Əliyevin bayram tonqalını burada yandırması əslində çox simvolikdir.

Qabil Hüseynli

Od, ocaq evi, yurdu təmsil edir. Prezidentin verdiyi mesaj da belə idi ki, biz öz evimizdəyik. Təsadüfi deyil ki, Prezident Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adını verdi. Artıq zəfərimizin bir simvolu da məhz bu meydan olacaq”.

Ekspert deyib ki, Prezidentin çıxışında diqqətçəkən digər bir məqam da fevralın 26-da Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoymasından bəhs etməsi idi:

“Prezident deyib: “Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”.

Prezidentin Novruz çıxışında qeyd etdikləri başdan-başa mesaj və simvolika idi. Xüsusilə separatçıların “parlament” binasının sökülərək yerində Xocalı memorial kompleksinin təməlini qoyması buna yaxşı misaldır.

Xocalı bizim ağrıyan yaramız, böyük travmamız idi. Prezidentin bu addımı həm bu travmanın aradan qalxması, həm də tarixi ədalətin bərpasına hesablanıb. Xocalı cinayəti soyqırımı bir zamanlar separatçıların “qərarlarının” verildiyi məkanda dünyaya nümayiş etdiriləcək. Bu, tarixi bir addımdır”.

Turan Rzayev
Globalinfo.az