10 noyabr bəyanatının imzalanmasından 3 il ötür. Geridə qoyduğumuz üç il ərzində bəyanatın bəzi maddələrinin icra deyildiyinin şahidi olsaq da icra edilməyən maddələr var. Zəngəzur dəhlizinin açıqlaması buna misal ola bilər.
Maraqlıdır, bu üç ildə nələrə nail olundu? Nələr həllini tapdı? Bəyanatın hansı maddəsi tam icra edildi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, bu gün tarixi bir gün yaşayırıq:
“1990-cı illərin əvvəllərində Azərbaycandakı xaosdan faydalanan Ermənistan Rusiyanın dəstəyi ilə torpaqlarımızı işğal etdi. İşğalın genişlənməməsi və dövlətin gücünü bərpa etmək üçün rəsmi Bakı atəşkəs haqqında Bişkek Protokolunu imzalamaq məcburiyyətində qaldı.
Elxan Şahinoğlu
Məsələ ondadır ki, dövlət həmin vaxt zəif idi və mütləq şəkildə bizə fasilə lazım idi. Əks halda Azərbaycan üçün təhlükənin miqyası artacaqdı. Ümid edirdik ki, atəşkəs dövründə beynəlxalq vasitəçilərin səyi nəticəsində Ermənistanla danışıqlar yolu ilə torpaqlarımız azad olacaq. Hətta bu baş versə idi, biz bunun qarşılığında Dağlıq Qarabağa yüksək muxtariyyət verə bilərdik.
Ancaq illər keçdikcə anladıq ki, Ermənistanın torpaqları dinc yolla qaytarmaq niyyəti yoxdur. Rəsmi İrəvan sadəcə vaxt uzadırdı. Təəssüf ki, İrəvanın bu neqativ fəaliyyətini beynəlxalq vasitəçilər də dəstəkləyirdi.
Ermənistanda hakimiyyətə yiyələnən Qarabağ separatçıları “müstəqillikdən” başqa heç bir həll planını qəbul etmirdilər. Bu andan etibarən anladıq ki, problemin yeganə həll yolu savaşdır və bu məqsədlə ordumuzu gücləndirməliydik”.
Politoloqun sözlərinə görə, Ermənistan gücümüzü mütləq görməli idi:
“Belə də oldu. Ancaq açıq demək lazımdır ki, bu qədərini gözləmirdik. Ali Baş Komandanın əmrlərini yerinə yetirən qəhrəman ordumuz 3 ilin içərisində qarşıya qoyulan bütün hədəflərə çatdı.
Bu gün Xankəndidə Zəfər paradı baş tutur. Bunu xəyal belə etmək bir vaxtlar çətin idi. Amma bu xəyalımız da gerçəkləşdi.
İndiki məqamda sadəcə 10 noyabr bəyanatının icra edilməyən bəzi maddələri qalıb. Düzdür, bunun da bəziləri artıq oldu. Misal üçün, Ermənistan ordusunun birləşmələri Qarabağı tərk etdi. Sülhməramlılar isə tədricən ərazidən çıxır.
Lakin Zəngəzur dəhlizinin açılması kimi məsələlər hələlik tam icra edilməyib. Hesab edirəm, bu məsələ də gec-tez öz həllini tapacaq. Ümumiyyətlə Xankəndidəki parad özlüyündə onu deməyə əsas verir ki, nəinki 10 noyabr bəyanatı, qarşıya qoyulan bütün məsələlər öz həllini tapacaq”.
Turan Rzayev
Globalinfo.az














