Xankəndidə hazırlıq: sensasion proses başladı – GİZLİNLƏR…

Xankəndi-Laçın yolunda azərbaycanlı fəalların ekoloji terrora qarşı keçirdikləri etiraz aksiyası Ermənistandakı xaosu daha da dərinləşdirib. Erməni lobbisi müxtəlif ölkələrdəki dayaqlarına müraciət etməsinə baxmayaraq, nəticə əldə edə bilməyib. Bu isə Qarabağda separatçı hərəkatı alovlandırmağa çalışan terrorçubaşı “lider”lər arasında ümidsizliyi artırıb.

Globalinfo.az xəbər verir ki, Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində məskunlaşmış separatçı rejimin İrəvanda qalan müşaviri Artak Beqlaryan da bunu etiraf edib. O qeyd edib ki, Ermənistan paytaxtında müxtəlif səfirliklərin qarşısında etiraz aksiyası keçirilsə də, yetərli dəstək ala bilməyiblər.

Bundan başqa, Paşinyan administrasiyasının Laçın dəhlizinin rus sülhməramlılar tərəfindən bağlanması iddiasından sonra Ermənistanın daxili siyasətində də vəziyyət dəyişib. Sözügedən iddia müxalifət tərəfindən kəskin etirazla qarşılanıb və onlar hakimiyyəti, anti-Rusiya qüvvələrini türkyönlü siyasət yürütməkdə, Bakıya xidmət etməkdə günahlandırıblar.

Mövcud durumla bağlı danışan erməni politoloq Karen Vrtanesyan da iddia edib ki, Serj Sərkisyanı 2018-ci ildə devirən qüvvə ilə Rusiya sülhməramlılarını ittiham edənlər eyni mərkəzdən idarə olunurlar.

Bəzi erməni ekspertləri Mİ-6 rəhbərinin İrəvana gəlib Ermənistan Baş naziri Nikol Paşinyanla görüşməsinin və hansısa məxfi sənədin imzalanmasına hazırlıq prosesinin də Azərbaycan və Türkiyənin maraqlarına xidmət etdiyini vurğulayıblar.

Ermənistanda siyasi böhranın yaşandığı bir vaxtda Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində məskunlaşmış terrorçubaşı Ruben Vardanyan da vəziyyətin gərgin olduğunu anlayır. Belə ki, bir müddət əvvəl Xankəndidəki erməniləri “böyük oyanış”a, mitinqə çağıran Vardanyan, görünür, bundan bir şey əldə edə bilməyib və nəticədə daha radikal bir yönə əl atıb.

Sitat:

“Ruben Vardanyan dekabrın 17-də qanunsuz olaraq Azərbaycanın faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı ilə məşğul olan “Base Metal” zavodunda olub. Müəssisənin işçiləri ilə görüşdə o, müharibənin davam etdiyini qeyd edib və işçiləri hərbi əməliyyatlara hazır olmağa çağırıb”.

Onun bu sözləri Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana qarşı terror törətməsinə çağırış kimi qiymətləndirilib.

Narahatlıq doğuran əsas məqam Vardanyanın Ermənistan ordusunun qalıqlarından Qarabağda terror təşkilatı yaratmaq ehtimalıdır. Teleqramın erməni seqmentindəki terrorçu zehniyyətli bəzi ermənilər Azərbaycanda PKK bənzəri fəaliyyətə başlamaqla bağlı çağırış ediblər. Onlar bildiriblər ki, guya Qarabağdakı ermənilərin hüquqlarının qorunmasının yeganə yolu budur.

Lakin reallığı dərk edən bəzi erməni istifadəçilər bunun ermənilər üçün növbəti fəlakətə səbəb olacağını, Azərbaycan xüsusi təyinatlarının qısa bir müddətdə bu terror təşkilatını məhv edə biləcəyini yazıblar.

Bütün bunları ümumiləşdirəndə belə nəticəyə gəlmək olur ki, Xankəndi-Laçın yolundakı mülki aksiya Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı parlaq qələbənin davamıdır. Bakı bircə güllə belə atmadan Ermənistandakı revanşist qüvvələri və ölkəmizə qarşı düşmən mövqe tutan separatçıları zərərsizləşdirir. Bununla paralel olaraq, Qarabağda yaşayan erməni vətəndaşlarının hüquqlarının qorunmasına hazır olduğunu həm ictimai, həm də siyasi sferalarda bəyan edir.

Azərbaycan bu aksiya ilə istədiklərini gec-tez əldə edəcək. Bu istəklərin nə olduğunun bir qismini bilirik, gizli qalan qismini isə gerçəkləşəndə öyrənəcəyik.

Aqşin
Globalinfo.az