Globalinfo.az Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti, ictimai xadim Aqil Acalovla müsahibəni təqdim edir:
– Artıq 44 gündür ki, Xankəndi-Laçın yolunda aksiya keçirilir. “44 gün” anlayışı bizim üçün həm də Vətən müharibəsinin müddətini simvolizə edir. Sizcə, bu aksiya nə vaxtadək davam edə bilər?
– Qarabağda ekoloji terrora son qoyulana və beynəlxalq hüquq, norma və prinsiplərinə riayət edilənə qədər aksiyalar davam edəcək. Çünki qeyri hökumət təşkilatlarımız (QHT), ekofəallarımız nəticə əldə etməyənə qədər aksiyaların keçirilməsində israrlıdırlar. Separatçıların və Rusiya sülməramlılarının nəzarəti altında olan torpaqlarımız – Xankəndi və digər yerlər beynəlxalq hüquq, tarixi nöqteyi-nəzərdən qədim Azərbaycan torpaqlarıdır. Bizim torpaqların işğalçılar tərəfindən istismarına son qoyulmalıdır. Cəmiyyətimiz bu istiqamətdə bütün gücünü ortaya qoyub. Gec-tez orada Azərbaycanın üçrəngli Bayrağı dalğalanacaq.
– Bəs beynəlxalq aləmdə aksiyalara reaksiya necədir?
– Təəssüf ki, həmişə olduğu kimi, indi də bəzi beynəlxalq təşkilatların ikili standartlarını müşahidə edirik. Bunlar erməni lobbisinin fəaliyyəti və xristian dini təəssübkeşliyi ilə bağlıdır. Erməni lobbisinin pulunun əsirinə çevrilənlər orada baş verən hadisələri görmək istəmirlər. Düzdür, xarici mətbuatda Azərbaycanın haqlı mövqeyini müdafiə edən yazılara da rast gəlirik. Ancaq mövcud reallıq ciddi narahatlıq doğurur və bütün dünyada ekosistemin, təbii yaşayış mühitinin qorunması və bərpasının aktual olduğu zamanda Qarabağda törədilən ekoloji terror bütün bəşəriyyəti narahat etməlidir.
30 ilə yaxın idi ki, Ermənistan və onun havadarları Azərbaycan torpaqlarında bəşəri cinayətlər törətmiş, milli mədəni irs nümunələrimizi məhv etmişdi. Amma dünya buna göz yumur. 44 günlük Vətən müharibəsində əldə olunan qələbəmiz ermənipərəst qüvvələrə ciddi bir mesaj verdi. Bu mesajdan nəticə çıxarmalı və milli birliyimizin gücünün fərqində olmalıdırlar.
– Sizcə, aksiya iştirakçılarının tələbi yerinə yetirilməsə, nə baş verəcək?
– Əsas odur ki, beynəlxalq arena Azərbaycanın mövqeyini gördü, orada baş verənlərin diqqətlə izlənildiyinin şahidi oldu. Azərbaycanın haqlı və beynəlxalq hüquq prinsiplərinə uyğun tələblərindən biri torpaqlarımızda ekoloji terrora son qoyulmasıdır. Biz buna nail olacağıq, beynəlxalq ictimaiyyəti erməniləri durdurmağa məcbur edəcəyik.
– Sizcə, dövlət bu aksiyaya dəstək verə bilərmi?
– Azərbaycan Prezidenti aksiyada iştirak edən gənclərlə fəxr etdiyini bildirdi. Hazırda dünyada ekoloji aksiyalara xüsusi önəm verilir. Aksiya QHT-nin təşəbbüsü ilə başladılıb və nəticə əldə olunana qədər davam edəcək. Dövlətin dəstəyi bu prosesə başqa məna qata bilər. Düşünürəm ki, QHT-lərimiz aksiyanı uğurla davam etdirirlər. Bütün xalq ümummilli və dövlət maraqlarından çıxış edir. Bu məsələlərdə hakimiyyət-xalq birliyi, həmrəyliyi var.
Zaira Akifqızı
Globalinfo.az