***13:25
İran ABŞ-la heç bir danışıqlar aparmamalıdır, çünki onlar bir dəfə artıq bizi aldadıblar.
Globalinfo.az xəbər verir ki, bunu İran ali rəhbəri Əli Xamenei deyib.
O, İranın zamanında ABŞ-la nüvə müqaviləsi imzaladığını, amma Trampın buna əməl etmədiyini bildirib:
“2015-ci ildə ABŞ-la müqavilə bağladıq. Digər tərəfə çox güzəştə getdik. ABŞ və digərləri ilə 2 il danışıqlar apardıq. Lakin amerikalılar razılaşma şərtlərini yerinə yetirmədilər. Hazırda hakimiyyətdə olan adam razılaşmanı pozdu. Belə hökumətlə heç bir danışıqlar olmamalıdır. Onlarla danışıqlar məntiqsizlikdir”.
Bununla Xamenei Trampın İranla yaxşı müqavilə imzalamaq istədiyi bəyanatına cavab verib. Lakin diqqətçəkən məqam Prezident Məsud Pezeşkianın dünən səsləndirdiyi fikirlər olub. O, İsrail və ABŞ-la müharibənin İran üçün faydasız olduğunu bildirib. Pezeşkian deyib ki, İran nüvə silahına can atmır və hətta ali dini liderin (Əli Xamenei – red.) bununla bağlı fətvası var.
Pezeşkian bu sözləri Trampın bəyanatı ilə yanaşı İrana qarşı nüvə silahı ittihamlarının artması fonunda səsləndirib. Üstəlik, bu, İran prezident administrasiyasından ABŞ-la bağlı verilən növbəti pozitiv siqnal sayıla bilər. Ona görə ki hələ Trampın prezidentliyə ilk başladığı günlərdə Davosda amerikalı jurnalist Farid Zakariaya müsahibə verən Məhəmməd Cavad Zərif də eyni bəyanatlar səsləndirmiş və yeni danışıqlara hazır olduqlarını iddia etmişdi. 2015-ci ildə Vyanada imzalanan nüvə sazişinin əsas simalarından olan Zərif hazırda Pezeşkianın müavini vəzifəsini icra edir.
Lakin administrasiyadan səsləndirilən açıqlamalar fonunda SEPAH-dan ABŞ-la bağlı sərt fikirlər davam edir. SEPAH rəsmiləri İranın nüvə obyektlərinə istənilən hücumun böyük cavaba səbəb olacağını açıqlayıblar. Bu təhdidlər fonunda isə ABŞ İsrailə ən böyük qeyri-nüvə bombası olan MOAB-ı (Bütün Bombaların Anası) verdiyinə dair məlumat yayılıb.
Əliyar Xəlil
Globalinfo.az