Həmin azyaşlı sığınacağa yerləşdiriləcək

Həmin azyaşlı sığınacağa yerləşdiriləcək

Bakı şəhərinin Sabunçu rayonunda işgəncəyə məruz qalan azyaşlı sığınacağa yerləşdiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.

Qeyd edilib ki, yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon polis bölməsində hazırda təhqiqat araşdırması aparılır.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür.

***10:30

Daxili İşlər Nazirliyi Sabunçuda işgəncəyə məruz qaldığı iddia edilən azyaşlı ilə bağlı araşdırmalara başlayıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis kapitanı Nurlan Əliyev deyib.

O bildirib ki, faktla bağlı müvafiq araşdırmalar aparılır.

X X X

Bakı şəhərinin Sabunçu rayonunda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma aparılır.

Globalinfo.az-ın xəbərinə görə, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Report”a bildirib ki, azyşalının zorakılığa məruz qalması barədə qonşular məlumat veriblər:

“Uşağın atası və anası vəfat edib, xalası ilə yaşayır. Artıq polis əməkdaşları ilə də əlaqə saxlanılıb. Rayon icra hakimiyyətinin nümayəndələri, polis əməkdaşları hazırda hadisə yerinə gedirlər. Ətraflı məlumat veriləcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır:

Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə digər məlumatlar araşdırma gedişatında bəlli olacaqdır”.