“Xalaqızı məsələsi” aranı qatdı – Deputat qarşı çıxdı, ekspert xəbərdarlıq etdi

Azərbaycanda Ailə Məcəlləsinə qan qohumlarının nikaha daxil olmasının qadağan edilməsi ilə bağlı dəyişiklik təklif olunub. Deputat Rəşad Mahmudov isə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deyib ki, bu evlilikləri qadağan etmək müəyyən problemlər yarada bilər.

Maraqlıdır, bu istiqamətdə mövcud problemlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, qohum evliliklərinin qadağan edilməsi təqdirəlayiq təklifdir:

“Son vaxtlar qohum evliliklərində azalma müşahidə olunsa da, tamamilə aradan qalxmayıb. Elm sübut edib ki, yaxın qohumların evlənməsi doğulacaq uşaqlarda ciddi problemlərə, xəstəliklərə səbəb olur. Mənəvi cəhətdən də qohum evliliyi qəbuledilməzdir. Xalaqızı, əmioğlu və s. qardaş-bacı statusundadır. Onların evlənməsi düzgün deyil”.

Sosioloqun sözlərinə görə, qan qarışması, xalqların qaynayıb-qarışması daha sağlam, istedadlı, uzunömürlü insanların dünyaya gəlməsinə səbəb olur:

“Məsələ ilə bağlı qanun qəbul edilməlidir, çünki cəmiyyətdə maarifləndirmə tendensiyası zəif və effektsizdir. Heç bir sahədə maarifləndirmə vəziyyəti dəyişmir. Yalnız inzibati metod, qayda-qanunlarla sözügedən problemlərin üzərinə getmək lazımdır”.

Safura Bənnayeva
Globalinfo.az