Vəziyyət gərginləşir: Naxçıvan təxribatının arxasında bu iki ölkə dayanır – İran amili…   

Ermənistan bir əlində sülh mətni tutub, digərində silah. Sülh müqaviləsinin imzalanması ərəfəsində İrəvan tam əks mövqedən çıxış edir. 

Səbəb nədir? Bakı bu qarışıq, mürəkkəb vəziyyətdə hansı qərarı verə bilər? Azərbaycana qarşı bu provokasyon davranış nəyə hesablanıb?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Sultan Zahidov deyib ki, Cənubi Qafqaz çox mürəkkəb geosiyasi proseslərdən keçir:

“Rusiya ilə Qərb arasında gərgin münasibətlər hökm sürür. Xüsusilə də bu, özünü Ukrayna müharibəsində daha çox göstərir. Qərb rəsmi Moskvanı Cənubi Qafqazdan, digər regionlardan sıxışdırıb çıxartmağa çalışır. Bunun üçün də Qərbin əlində müxtəlif alətlər var. Cənubi Qafqazda bu, Ermənistandır.

Nikol Paşinyan hakimiyyəti həm xaricdən, həm də daxildən müxtəlif təzyiqlərlə üzləşir. Fransa öz maraqlarını Ermənistana diqtə etməyə çalışır və bunun üçün müxtəlif silahlarla onu təmin edir. Digər tərəfdən Rusiya öz rıçaqları ilə Ermənistanı nəzarətinə almağa çalışır. Ermənistan hakimiyyəti hazırda “iki ağanın bir qulu” rolunu oynayır. Bu da regiondakı sülhə və sabitliyə təsir göstərir”.

Politoloqun sözlərinə görə, Ermənistan daxilində baş verən etiraz dalğaları sülh müqaviləsinin ləngiməsinə səbəb olur:

“Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın arxasında kilsə və Qarabağ klanı dayanır, xaricdə isə Rusiya. Bu vəziyyətdə Ermənistan hakimiyyəti sabit fikir yürüdə bilmir. Gah sülhdən, gah da müharibədən dəm vurur.

Azərbaycan isə öz maraqlarına uyğun cavablar verir. 5 prinsip irəli sürən rəsmi Bakı sülhün əsl təşəbbüskarı oldu. Ermənistanın silahlanmasına, hərbi təxribatlara əl atmasına Azərbaycan layiqli cavabını verəcək”.

Sultan Zahidov xatırladıb ki, son vaxtlar Naxçıvan istiqamətində Ermənistan təxribatlar həyata keçirir:

“Bunun arxasında iki faktor dayanır. Birincisi, Ermənistan daxilindəki 5-ci kolon, ikincisi isə Qərbdir. Cənubi Qafqazdakı proseslərdən, Azərbaycan-İran münasibətlərinin yaxşılaşması, hərbi təlimlərin baş tutması fonunda Naxçıvan istiqamətində atəşkəsin pozulması onu göstərir ki, bu qərəzli addımların arxasında ABŞ və Fransa kimi güclər də dayanır. Bu iki ölkənin Ermənistanda müşavirləri var. Onlar da ölkənin hərbi siyasətini həyata keçirir. Bu məqsədlə təxribatların onların göstərişinə əsasən baş verdiyi istisna deyil”.

Safura Bənnayeva
Globalinfo.az