Avropa siyasətçiləri və diplomatları ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Münhen Təhlükəsizlik Konfransındakı çıxışının şokundan hələ ayılmayıblar. Avropalılar bu çıxışı Rusiya Prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen konfransındakı çıxışına bənzədirlər. Vens Münhendəki çıxışında ərazilərin nəzarətə götürülməsi ilə bağlı Ağ Ev sahibinin fikirlərini təkrarlamasa da, Avropanın ünvanına sərt tənqidlər səsləndirib.
Ekspertlər deyir ki, Trampın hakimiyyətdə olacağı 4 ildə ABŞ-la Avropa arasında fikir ixtilafı dərinləşməkdə davam edəcək.
Proseslərdən hansı nəticə çıxır? ABŞ “qoca qitə”nin süqutunu hazırlayır? Avropa İttifaqının (Aİ) Ukrayna məsələsində Rusiya ilə danışıqlardan kənarda saxlanması buna misal ola bilər?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Münhendəki qlobal təhlükəsizlik konfransını siyasətçilər bir dövrün sonu kimi də qiymətləndirirlər:
“Bu konfransdan çıxan nəticələr hələ uzun müddət müzakirə olunacaq. Konfrans artıq dünyanın nizamını dəyişən tarixi hadisələr sırasına düşə bilib və köhnə sistemin aradan qaldırılması, dövlətlərarası münasibətlərdə əməkdaşlığın yeni dövrünün başlanğıcı kimi də dəyərləndirilir.
Konfransda iştirak edən bütün siyasətçilər “Köhnə” transatlantik tərəfdaşlığın – ABŞ və Avropa ölkələri arasındakı güclü müttəfiqliyin – artıq işləmədiyinə dair dərin bir təəssüf hissi keçirir. Son bir neçə gün ərzində – konfransın davam etdiyi müddətdə – demək olar ki, bütün avropalı liderlər Trampın yenidən hakimiyyətə gəlməsinin ağır nəticələri ilə üzləşəcəklərini artıq dərk ediblər.
Onlara açıq mətnlə deyilib ki, Ukraynada müharibəni dayandırmaq üçün danışıqlar masası arxasında sizin üçün yer olacağını gözləməyin. Bu da o anlama gəlir ki, Ukrayna Avropanın nəzarət orbitindən çıxarılır. Bu azmış kimi, planlaşdırılan Rusiya-Ukrayna danışıqlarına heç Ukraynanın özü də buraxılmır. Ukraynanın taleyi, həm də Avropanın gələcəyi ABŞ və Rusiya tərəfindən, bu iki hegemon dövlətin maraqları çərçivəsində həll olunur. Avropada ABŞ-ın bu qərarına qarşı etirazlar yüksəlməkdədir. Bu etirazlar elə dolayısı yolla ABŞ-ın yeni hakimiyyətinin əleyhinədir. Amma onların bu etirazları, hətta ABŞ-a qarşı duruşları fayda verəcəkmi? Təbii ki, yox. Çünki Aİ indiki şəraitdə Vaşinqtona qarşı dayanmağa hazır deyil və heç 10 ildən sonra da olmayacaq. Tramp Aİ-nin iqtisadi-siyasi vəziyyətini başa düşdüyündən onları ABŞ-Ukrayna müzakirələrinə qatmadı”.
Ə.İbrahimov deyib ki, artıq bu gün Parisdə bir neçə Avropa liderinin fövqəladə görüşü Aİ-nin ABŞ-Rusiya müzakirələrinə cavabını müzakirə etmək üçün görüşür:
“Onlar hər şeydən əvvəl öz qərarlarını gücləndirmək və mövcud resurslarını mümkün qədər səmərəli şəkildə səfərbər etmək istiqamətində müzakirələr aparacaq.
Münhen konfransı ətrafında aparılan müzakirələri diqqətlə nəzərdən keçirdikdə bir sıra nəticələri qeyd etmək mümkündür.
– Bundan sonra beynəlxalq münasibətlər əvvəlki formada idarə olunmayacaq.
Avropada İkinci Dünya müharibəsindən sonra yaranan təhlükəsizlik arxitekturası artıq yoxdur. ABŞ hələ də NATO-nun üzvüdür, lakin Avropa artıq kənardan hücum zamanı ABŞ-ın ona yardım edəcəyinə ümid edə biləcəkmi? Avropanın təhlükəsizlik sistemi elə bunu yaranmasında ciddi fəaliyyət göstərən ABŞ tərəfindən dağıdılır.
– Dünya ictimaiyyətinin əksəriyyətinin Ukrayna ilə bağlı siyasəti Avropanın istəyindən ciddi fərqlənir. Avropa Ukraynada vəziyyətə təsir etmək üçün güclü mexanizmlər ortaya qoymalıdır. Əks halda Ukrayna Rusiyanın əyalətinə çevriləcək və Avropanın taleyi onun ümidinə buraxılacaq.
ABŞ və Rusiya Ukraynanın və bütövlükdə Avropanın bu məsələdə öz fikrindən asılı olmayaraq, Ukraynada müharibəyə son qoymaq üçün razılaşma əldə etməyi planlaşdırır. Bu razılaşma şübhəsiz öncə Rusiya və ABŞ-ın mənafeyinə xidmət edəcək, nəinki Ukrayna və Avropanın.
– Müdafiə xərcləri nəzərəçarpacaq dərəcədə artırılmalıdır. Bu gün müdafiə üçün lazım olan səviyyədə vəsait ayrılmasa, sabah bu xərclər Rusiya ilə müharibəyə sərf olunacaq.
Əgər Avropa ölkələri Rusiyanın artan hücumunu cilovlamaqda davam etmək istəyirlərsə müdafiə xərclərini mümkün qədər tez artırmalıdırlar.
– Vensin çıxışı – Avropanın səbir kasasını daşıran son xəbərdarlıq oldu.
ABŞ-ın vitse-prezidenti J.D.Vensin Avropa siyasətinə və siyasətçilərinə hücumları bir çox konfrans iştirakçıları tərəfindən təhqiramiz hesab edildi. Bununla belə, Atlantikanın hər iki tərəfindəki bir çoxları Vensin çıxışından həqiqətən qürur duydular. Prezident Donald Tramp hətta çıxışı “parlaq hadisə” adlandırdı.
– Nəzərəçarpacaq qarşıdurma və getdikcə daha da artan fikir ayrılıqları.
Bu gün bir sıra məsələlərdə Vaşinqtonla Avropanın mövqeləri arasında kəskin fərqlər var. Bu fərqlər getdikcə böyüyərək qarşıdurmaya çevrilməkdədir. Bununla belə, Trampın komandasının üzvləri tez-tez bir-biri ilə və hətta özləri ilə ziddiyyət təşkil edir”.
Turan Rzayev
Globalinfo.az