Vəkil sabiq başçının azadlığa çıxma ehtimalından danışdı: “Mümkündür…”

Bugünlərdə məhkəmə İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin 12 illik cəza müddətini 8 il 6 aya endirib. Bu qərar ictimaiyyətdə müzakirələrə səbəb olub.

Belə bir qərar nədən xəbər verir? Sabiq başçı yaxın zamanda azadlığa çıxa bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən hüquqşünas Əkrəm Həsənov deyib ki, bu addım V.Hacıyevin azadlığa çıxmasının mümkünlüyündən xəbər verir.

Onun sözlərinə görə, belə olmamalıdır:

“Vəkil olaraq bilirəm ki, Azərbaycanda cinayət işləri digər məhkəmə işlərindən – mülki, inzibatı, kommersiya işindən fərqli olaraq çox nadir hallarda öz axarı ilə təbii şəkildə gedir. Ölkəmizdə mülki, inzibatı, kommersiya işlərində kifayət qədər hallar var ki, məhkəmə öz axarı ilə gedir, qanunsuz heç nə də baş vermir. Amma cinayət işləri adətən belə olmur. Orada rüşvət də olmasa, kimsə tərəfindən tapşırıq və s. olur. Bir sözlə, bu, elə-belə baş vermir. Xüsusən də bu cür məsələlərdə. Baxın, burada söhbət keçmiş icra başçısından gedir. Həbsxanalarda minlərlə insan var ki, adi bir əmələ görə illərlə azadlığı əlindən alınır. Heç ona dair belə şeylər etmirlər. Nə oldu, məhz məmurlara görə edirlər? Vilyam Hacıyevin həbs müddətinin azaldılması ondan xəbər verir ki, bəli, ortada hansısa danışıq, sövdələşmə ehtimalı var”.

Əkrəm Həsənov 

Hüquqşünasın sözlərinə görə, Vilyam Hacıyev azadlığa çıxa bilər:

“Ümumiyyətlə, bilirsiniz, Azərbaycanda korrupsionerlər, rüşvətxorlar bu işlə məşğul olanda niyə acgöz olurlar?! Çünki o adam düşünür, “bu pulu daha çox yığım, sabah həbs etsələr, bir hissəsini qaytarım və azadlığa çıxım”. Məsələ belədir! Mən heç kimi ittiham etmirəm, demirəm konkret budur. Amma belə bir ehtimal böyükdür və ona əsaslanıram ki, niyə digər azadlıqdan məhrum edilənlərə dair eyni hallar baş vermir? Maraqlıdır da, korrupsiyaya görə həbs olunan birinin bir neçə il həbsdə olduqdan sonra cəza müddətini azaldırlar. Fikir verin, kasıb üçün bunu etmirlər”.

Ə.Həsənov deyib ki, məmurlar həbsxanada çox yaxşı şəraitdə yaşayırlar:

“Vilyam Hacıyev kimilərin həbsxanadakı güzaranı digərləri kimi deyil, daha yaxşıdır. Düzdür, həbsxanadır, amma şəraiti fərqlidir”.

Zaira Akifqızı

Globalinfo.az