ABŞ Prezidenti Donald Tramp və ölkə rəhbərliyinin iştirak etdiyi tədbirdə baş verən insident geniş müzakirələrə səbəb olub. Son iki ildə Trampla bağlı artıq ikinci dəfə silahlı hadisənin qeydə alınması diqqət çəkir. Xatırladaq ki, 2024-cü ildə prezidentliyə namizəd olduğu dövrdə ona atəş açılıb və o, yüngül xəsarət alıb. Baş verənlər ABŞ prezidentlərinə qarşı tarixdə qeydə alınmış oxşar hücumları yenidən gündəmə gətirib.
Bu, ABŞ Prezidentinin təhlükəsizlik xidmətinin zəifliyidirmi? Niyə dünyada ən çox silahlı hücuma, sui-qəsdə və buna cəhdə ABŞ prezidentləri məruz qalır?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu, Donald Trampa qarşı üçüncü sui-qəsddir:
“2016-cı ildə də ona sui-qəsd olub, 2024-cü ildə isə seçki mitinqində belə bir hadisə baş vermişdi. Bu, sadəcə olaraq ona qarşı ABŞ cəmiyyətində müəyyən etirazın formasıdır. Çünki onlar siyasi cəhətdən aktivdir, prezidentləri də diqqətlə izləyirlər. Prezidentdən narazı olanlar da var və tarixə nəzər saldıqda ölkə başçılarına qarşı sui-qəsd cəhdlərinin olduğu görünür. Mühafizənin zəif nöqtələrindən istifadə edərək belə cəhdlərə əl atılıb. Düşünmürəm ki, bu sui-qəsdi həyata keçirənin psixoloji vəziyyəti gərgindir və ya psixi problemi var. Sadəcə olaraq amerikalıların silah gəzdirmək hüququ var və vətəndaşlar silah əldə edə bilirlər. Görünür, prezidentdən narazı olanlar da məhz silaha əl ata bilir. Həmçinin bunun müəyyən mərkəzlərdən təşkil edildiyini də düşünmürəm. Amma konkret olaraq sui-qəsd cəhdi baş verib, lakin bunun Tramp tərəfindən ssenariləşdirilməsi ilə bağlı iddiaları da düzgün hesab etmirəm”.
Məhəmməd Əsədullazadə
Politoloq bildirib ki, bu hadisədə Tramp özünü qurban kimi təqdim edir:
“Çünki son İran müharibəsi və ABŞ iqtisadiyyatında yaranan müəyyən problemlərə görə onun reytinqi kifayət qədər aşağı düşüb. Ola bilsin ki, bundan istifadə edəcək, necə ki, 2024-cü il sui-qəsd cəhdindən də müəyyən qədər istifadə etdi və reytinqini yüksəltdi. Fikrimcə, hazırda da eyni proses gedir. Yəni Tramp bir növ göstərir ki, ona qarşı təşkil olunan sui-qəsdlər onun yaxşı prezident və yaxşı idarəçi olduğunun göstəricisidir, onu xoşlamayan qüvvələr isə bu cür cəhdlər edir. Heç bir dövlət başçısının təhlükəsizliyi tam yüksək səviyyədə qoruna bilmir, mütləq şəkildə zəif nöqtələr olur və bundan istifadə edilir. Hazırda ABŞ prezidentinin təhlükəsizlik xidmətində də müəyyən problemlər olub ki, bu hadisə baş verib”.
Ləman İmran
Globalinfo.az