“Vasif Talıbov Naxçıvanda qiyam etmək istəyib, amma…” – Yeni sensasion faktlar

“Vasif Talıbov Naxçıvanda qiyam etmək istəyib, amma...” – Yeni sensasion faktlar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasının ardınca Milli Məclisin Naxçıvandan olan deputatı Siyavuş Novruzov bu barədə mediaya diqqətçəkən açıqlama verib.

“İstefa lazım idi. Sonda istefa verildi. Şayiələr yayılmışdı ki, guya Naxçıvanda camaat ayağa qalxacaq. Gördünüz ki, hər şey sakit yolla həllini tapdı. Azərbaycanda kimsə kiməsə güc göstərə bilməz. Bu, mümkün deyil. Bundan sonra hadisələr strukturun formalaşmasından asılı olacaq. Ola bilsin ki, Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi  təyin olunsun”, – deputat vurğulayıb.

Ovqat.com saytının baş redaktoru Heydər Oğuz Globalinfo.az-a bildirib ki, Vasif Talıbov Naxçıvanda qiyam edə bilmədi:

“Onun əsas güvəndiyi Rusiyanın başı Ukraynaya qarışıb. Moskva Türkiyə və Azərbaycanla ziddiyyətə girib dünyada tamamilə təcrid olmaq kimi bir lüksü yox idi. Talıbovun güvəndiyi digər ölkə İran idi ki, onun da başı özünə qarışıb.

Naxçıvan üzərində Türkiyənin də qarantorluq haqqı var. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” var. Bəyannaməyə görə, Azərbaycana olan istənilən təhdidə qarşı Türkiyənin birgə hərbi fəaliyyətə keçmək öhdəliyi var”.

H.Oğuz deyib ki, Naxçıvanda qiyam ehtimalı hər zaman olub:

“Vasif Talıbov istənilən vaxt qiyam qaldırıb, öz “müstəqilliyini” elan edib, başqa dövlətlərdən, xüsusilə Rusiyadan hərbi yardım istəyə bilərdi. Biz bunu Donbas, Abxaziya və Cənubi Osetiya, Dnestryanı kimi bölgələrdə gördük. Bu imkanların tükəndiyini görən Vasif Talıbov ağ bayrağı qaldırdı. Onun 27 ildə ilk ağıllı addımı təslim olmasıdır. Bu addımı bir neçə il öncə atmalı idi. Gec də olsa, doğru addımdır. Buna görə Vasif Talıbovu da, Azərbaycanı və xüsusilə Naxçıvan əhalisini təbrik edirəm ki, onun istibdadından qurtula bildik”.

H.Oğuz həmçinin hazırda Naxçıvanın indiki Baş naziri Səbuhi Məmmədovla bağlı maraqlı fakt danışıb. Onun sözlərinə görə, sabiq Maliyyə naziri Səbuhi Məmmədov keçən il Vasif Talıbovun sərəncamı ilə baş nazir təyin olunub:

“Bu təyinatın maraqlı hekayəsi var… Dövlət tərəfindən Naxçıvanın Culfa rayonundan Ordubada kimi su kanalının çəkilməsi nəzərdə tutulmuşdu. Kanalın üzərində su elektrik stansiyası tikiləcəkdi. Orada turbinlər qurulduqdan və elektrik istehsalından sonra suyun axarına doğru 50 km məsafədə yerləşən kəndlər ondan öz təsərrüfatları üçün istifadə edəcəkdilər. Bu stansiyaya yönələn maliyyə vəsaiti yolların yenidən bərpa edilməsi, asfalt yolların çəkilməsinə sərf olundu. Hətta deyilir ki, bir küçədə heç bir səbəb olmadan beş dəfə asfalt yol çəkiblər.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ora gedən yoxlama müəyyən edib ki, su elektrik stansiyası deyilən bir şey yoxdur, cəmi 2-3 kilometrlik məsafədə kanal çəkilib, sonra da dayandırılıb. Maliyyə naziri Səbuhi Məmmədov komissiyaya deyib ki, “bizə ayrılan pulu özümüz bilərik nəyə xərcləyirik… ürəyiniz nə istəyir, yazın, biz muxtar respublikayıq, öz hüquqlarımızdan istifadə edib, pulu Naxçıvanın abadlığına yönəltmişik…”. O, komissiyaya bu dərəcədə həyasızcasına, məsuliyyətsizcəsinə cavab verib. İndi muxtariyyət statusunun saxlanılmasını istəyənlər bu cür qanunsuz əməlləri nəzərdə tutur. Bu məsələni Siyavuş Novruzov və onun kimi deputatlar dilə gətirir”.

H.Oğuzun sözlərinə görə, Səbuhi Məmmədovun həm ata, həm də ana tərəfdən nənəsinin erməni olduğu iddia edilir:

“Vasif Talıbov nədənsə Naxçıvandakı bütün orqanlarda yüksək vəzifələrə qeyri-türk qarışığı olanların təyin olunmasına üstünlük verib. Səbuhi Məmmədov Mərkəzi Bankın Naxçıvan üzrə nümayəndəsi idi, sonra maliyyə naziri, daha sonra həm maliyyə naziri, həm də baş nazirin birinci müavini, keçən ildən isə baş nazir olub. Naxçıvanda verilmiş şübhəli kreditlərin, mənimsənilən pulların arxasında Səbuhi Məmmədovun imzası var. Yəqin ki, Azərbaycan hökuməti onun haqqında daha ciddi məlumatları toplamaq üçün yoxlamaları davam etdirir. Və əsas cəzalananlardan biri də Səbuhi Məmmədov olacaq”.

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, ötən gün istefa qərarı verib.

Gülnar Səlimova
Globalinfo.az