Vardanyanın Xankəndidən gizli qaçışı: nəyə hazırlıq gedir?

Vardanyanın Xankəndidən gizli qaçışı: nəyə hazırlıq gedir?

“Ruben Vardanyanın Qarabağda uzun müddət qala bilməyəcəyi məlum idi. O, Kremlin Ermənistan hakimiyyəti üçün hazırldığı marionetdən başqa bir şey deyil”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Qarabağdakı separatçı rejimin saxta “dövlət naziri” Ruben Vardanyanın Xankəndini tərk etməsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Vardanyan Qarabağda öz missiyasını  tamamladığı üçün Kreml onun ərazidə olmasını istəmir:

“R.Vardanyan son bir ilə qədər erməni ictimaiyyətində, separatçılar arasında tanınan siyasi fiqur deyildi. Rubenin birdən-birə Rusiya vətəndaşlığından imtina etməsi, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağa gəlməsi, daha sonra ermənilərə dəstək verməsi bir daha onun Kremlin planı üzrə hərəkət etdiyini göstərir.

Hesab edirəm, Vardanyan Qarabağda öz missiyasını tamamladı. Onu artıq həm Ermənistan ictimaiyyəti, həm də separatçılar yaxşı tanıyır. Ermənistan Baş naziri Nikol Paşinyan da Vardanyandan çəkinir və məhz buna görə onun adını heç bir çıxışında hallandırmır.

Məsələ ondadır ki, Rusiya Ermənistandakı anti-Rusiya atmosferinin fərqindədir və bu tendensiyanın İrəvan tərəfindən başladıldığını bilir. Mövcud erməni müxalifəti isə Kremlin gözləntilərini doğrultmur. Rusiya məhz buna görə Ermənistanda yeni bir müxalif sima yaratmaq niyyətindədir. Həmin sima da, şübhəsiz, Ruben Vardanyandır”.

Politoloqun fikrincə, Vardanyan gec-tez Ermənistana gələcək və Paşinyan çox ciddi səhv buraxacaq:

“Vardanyan Ermənistana gəlsə, Paşinyan onu həbs edəcək. Rusiya isə bundan Vardanyanın prestijini artırmaq üçün istifadə edəcək. Vardanyan Kremlin dəstəyi ilə Ermənistan siyasətində özünə yer edə bilər.

Mümkündür ki, Vardanyan Paşinyanı hakimiyyətdən uzaqlaşdırmasın, lakin onun Ermənistanda olması Kremlin İrəvana təzyiq imkanlarını artıracaq”.

Q.Hüseynli qeyd edib ki, Vardanyan Rusiyaya getməsəydi, Bakı ciddi tədbirlər görə bilərdi:

“Azərbaycan Prezidenti İlham Əliyev həm sülhməramlılara, həm də Rusiyaya Vardanyanla bağlı dəfələrlə xəbərdarlıq edib. Vardanyanın Rusiyaya qayıtması həm də rəsmi Bakının diplomatik qələbəsidir. O getməsəydi, Bakı gec-tez onu zərərsizləşdirmək üçün antiterror əməliyyatlarına başlayacaqdı”.

Turan Rzayev
Globalinfo.az