Uşaq və gəncləri cinayətdən bu yolla uzaq saxlamaq mümkündür

Uşaq və gəncləri cinayətdən bu yolla uzaq saxlamaq mümkündür

Ölkədə son zamanlar yeniyetmə və gənclər arasında kriminal halların sayı artır. Belə ki, artıq orta məktəblərdə 7-ci sinif şagirdləri öz həmyaşıdlarını bıçaqlayır, gənclər narkotikin qurbanı olur və s. Ümumiyyətlə, bir çox hallarda uşaqlar həmyaşıdları, eləcə də valideynləri ilə yola getmirlər. Bu isə ictimaiyyətdə ciddi narahatlığa səbəb olur. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bu istiqamətdə müxtəlif addımlar atmaq lazımdır.

Onun sözlərinə görə, uşaqların və gənclərin həm mənəvi, həm də fiziki cəhətdən arzuolunan şəkildə inkişaf etməsi üçün aşağıdakı işlərin konkret olaraq görülməsinə ehtiyac var:

“Uşaqların 6 yaşına qədərki dövrdə inkişafına diqqət yetirilməlidir. Çalışmaq lazımdır ki, onlar həm fiziki cəhətdən sağlam böyüsünlər, həm də intellektual imkanları arzuolunan şəkildə inkişaf etsin. Bundan başqa, arzuolunan mənəvi dəyərlərə yiyələnsinlər. Hər bir uşağa onun potensialına və dəyərlər yönümünə uyğun fəaliyyətlə məşğul olması üçün şərait yaratmaq lazımdır. İlk növbədə bünövrə düzgün qoyulmalıdır. Bunun üçün ölkənin bu sahədə ciddi elmi əsaslarla hazırlanmış bir platforması, fəaliyyət proqramı olmalıdır və ona əməl edilməlidir. Mənim bununla bağlı “Ömrün uğurlu bünövrəsi” adlı bir kitabım var. Həmin kitabı müxtəlif ekspertlərlə birlikdə hazırlamışıq”.

Sosioloqun fikrincə, uşaq və gənclərin hər biri dövlət orqanları və ictimai təşkilatlar tərəfindən diqqət mərkəzində olmalıdırlar:

Uşaq və gəncləri cinayətdən bu yolla uzaq saxlamaq mümkündür

Əhməd Qəşəmoğlu

“Onların fiziki cəhətdən arzuolunan şəkildə, tibbi normalara uyğun inkişaf etməsi üçün bütün zəruri işlər yerinə yetirilməlidir. Mənəvi cəhətdən layiqli, vətənpərvər vətəndaş kimi formalaşmaları üçün elmi əsaslanmış proqramlar hazırlanmalı, həyata keçirilməlidir. Ölkədə bu sahədəki işlərin elmi əsaslarla yerinə yetirilməsinə kömək edən Elmi Tədqiqat Mərkəzləri olmalı, mütəxəssislər, sosial işçilər keyfiyyətli şəkildə hazırlanmalı və onların biliyindən istifadə edilməlidir. Valideyn klubları şəbəkələri yaradılmalı, valideynlərin həvəslə bu klublardan faydalanması üçün tədbirlər görülməlidir”.

Əhməd Qəşəmoğlu deyib ki, uşaq və gənclərin normal inkişafı üçün ölkədə “Keyfiyyətli yeni nəsil” proqramı hazırlanmalıdır:

“Bu proqramın hazırlanmasında milli xüsusiyyətlərimiz nəzərə alınmalı, qabaqcıl Şərq və Qərb ölkələrinin təcrübələrindən, elmi nəzəriyyələrdən istifadə edilməlidir. Bu sahə üçün vacib olan elm sahələri geniş şəkildə inkişaf etdirilməlidir. Uşaqlarımızın və gənclərimizin arzu olunan şəkildə inkişaf etməsinə kömək edən mövcud elmi bazanın potensialı daha da inkişaf etdirilməlidir. Bu deyilənlərin həyata keçirilməsi üçün xüsusi dövlət proqramlarımız olmalıdır. Belə sahədə fəaliyyət göstərən mövcud təşkilatların fəaliyyətləri əlaqələndirilməli, lazım olan qədər yeniləri də yaradılmalıdır. Bu sahədə beynəlxalq təcrübədən yüksək səviyyədə istifadə edə bilən ciddi elmi mərkəzlər, institutlar olmalıdır. O tədbirlərin uğurla həyata keçə bilməsi üçün xüsusi dövlət proqramı olmalı və qanunlar hazırlanıb qəbul edilməlidir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Zaira Akifqızı
Globalinfo.az

Uşaq və gəncləri cinayətdən bu yolla uzaq saxlamaq mümkündür