Hökumət vaxtaşırı “uşaqpulu” demaqogiyası ilə tənqid edilir. Deyilir ki, uşaqlara müəyyən yaşa çata kimi bəlli məbləğdə ödəniş verilməlidir.
Əslində bu, təklifdən çox şantaja oxşayır. Bu şantajın əsas müəllifləri normal diskussiyadan, təklifdən uzaq adamlardır. Sadəcə demaqogiya və şantajla məşğuldurlar. Əsas arqumentləri budur ki, guya dövlət uşaqlara qayğıdan imtina edir. Onların haqqı olan vəsaiti verməkdən yayınır. Cəmiyyətin məlumatsız kəsimi isə bu şantaja bəzi hallarda inanır.
Dekabrın 21-də Xankəndi stadionunda Prezident İlham Əliyevin bir jesti bütün bu deyilənlərin üzərindən xətt çəkdi. Ölkə başçısının şəhid övladları ilə Xankəndidə futbol matçı izləməsi yalnız duyğusal mənzərə deyildi. Bu həm də o demək idi ki, dövlət uşaqlara gözəl gələcək verir. Onların müstəqil və qüdrətli Azərbaycanın vətəndaşları olması üçün əlindən gələni edir. Bunun isə yorumu belədir:
“İndi verəcəyimiz beş-on manatla bu uşaqlar xoşbəxt ola bilməyəcək. Onlara təhlükəsiz və xoşbəxt gələcək qururuq”.
Prezidentin dövlətə və millətə əmanət olan şəhid balaları ilə futbol matçı izləməsi əslində, Azərbaycan hökumətinin uşaqlara baxışının fəlsəfəsini ortaya qoyub.
Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, Azərbaycan sosial bir dövlətdir. Onun sözlərinə görə, növbəti il üçün dövlət büdcəsinin xərclərinin 43 faizə qədərini məhz sosial xərclər təşkil edəcək:
“Son 5 ildə dövlət büdcəsinin xərclərinin tərkibində sosial xərclərin həcmi və xüsusi çəkisi durmadan artır. Belə ki, əgər 2020-ci ildə dövlət büdcəsində sosial xərclər 9,8 milyard manat və ya ümumi büdcə xərclərinin 36,7 faizini təşkil etmişdisə, 2024-cü ilin büdcəsində bu xərclər müvafiq olaraq 15,8 milyard manat və 43 faiz təşkil edir”.
Sabiq nazir hökumətin müəyyən uşaqlar üçün pul ödədiyini qeyd edib:
“”Uşaqpulu verilsin” deyənlərin nəzərinə! Bu gün dövlətimiz uşaqların həssas qruplarına uşaqpulu ödəyir və bu istiqamətdə dövlət büdcəsindən xərclər davamlı olaraq artmaqdadır. 2024-cü ildə dövlət büdcəsindən ölkədə həmin qrupdan olan 10 kateqoriya üzrə 611 min uşağa 650 milyon manat uşaqpulu veriləcək.
Fikrət Yusifov
Bu qrupa hansı uşaqlar daxildir?
– 18 yaşadək əlilliyi olan şəxslər (50 min uşaq),
– ailə başçısını itirmiş uşaqlar (166 min uşaq),
– aztəminatlı ailələrdəki uşaqlar (160 min uşaq),
– 3 yaşadək uşaqlara qullu edən işləyən valideynlər (35 min uşaq üçün)
– uşağın anadan olmasına görə birdəfəlik müavinət verilənlər (120 min uşaq üçün),
– şəhid ailələrinin, müharibə əlillərinin, 5-dən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları (30 min uşaq),
– 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları (50 min şəxs) daxildir”.
F.Yusifov deyib ki, Azərbaycan hökumətini uşaqpulu verməməkdə günahlandıran şəxslər buyurub qeyd etdiyim rəqəmlərə baxa bilərlər:
“Bir il ərzində yuxarıda göstərilən kateqoriyalardan olan uşaqlara dövlətin ödəyəcəyi vəsaitlərin həcmi 2024-cü ildə Bakı və Naxçıvan Muxtar Respublikası rayonlarının yerli büdcələrinin xərcləri istisna olunmaqla, yerdə qalan 66 rayonun yerli büdcələrinin cəmi xərclərindən 214 milyon manat və ya 33 faiz çoxdur. Qoy bu rəqəmlər “uşaqpulu verilmir” deyənləri bir qədər düşündürsün”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”
Zaira Akifqızı
Globalinfo.az














