“Avropa İttifaqı ilə ABŞ arasında Avropa mallarına tətbiq edilən rüsumların ləğvi ilə bağlı razılaşma əldə etmək üçün əlavə vaxta ehtiyac var”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen ABŞ Prezidenti Donald Trampla apardığı telefon danışığından sonra bildirib.
“ABŞ Prezidenti ilə yaxşı telefon danışığımız oldu. Avropa ticarət danışıqlarında sürətli və qətiyyətli irəliləməyə hazırdır, lakin yaxşı bir razılaşma əldə etmək üçün bizə 9 iyula qədər vaxt lazımdır”, – deyə Fon der Leyen “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, 9 iyul ABŞ-ın Avropa İttifaqından idxal edilən bütün mallara tətbiq etdiyi tariflərin dondurulması müddətinin bitdiyi tarixdir.
Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, ABŞ yalnız bəzi Avropa məhsullarına tətbiq edilən tariflərin qüvvəsini müvəqqəti dayandırıb. Hazırda ABŞ Avropa İttifaqından idxal olunan malların 70 faizinə – o cümlədən polad, alüminium və avtomobillərə – 10 faizdən 25 faizə qədər tariflər tətbiq edir. Bu tariflər vasitəsilə ABŞ bu il ərzində Avropa mallarından 100 milyard avro gəlir əldə edə bilər. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu rəqəm cəmi 7 milyard avro təşkil edib.
Aysel Əliyeva
Globalinfo.az














