Universitetlərə keçid balı artırıla bilər – Təhsil eksperti

“Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mart ayının 3-də keçirilmiş buraxılış imtahan nəticələri elan olundu və 14 nəfərin maksimal nəticə əldə etdiyi məlum oldu. Onlardan 13 nəfər qız, 1 nəfəri isə oğlan abituriyentdir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi builki imtahan nəticələrini dəyərləndirərkən qeyd edib.

E.Əfəndi deyib ki, qızların uğurlu nəticə qazanması, təhsil almağa marağının olması çox müsbət məqamdır və təqdirəlayiq haldır:

“Bu ilin abituriyentləri daha hazırlıqlıdırlar. Çünki onlar pandemiya, karantin müddətində təhsil alan şagirdlərdən fərqli olaraq daha normal hazırlıqlar keçə biliblər. Yəni hər hansı bir qapadılma, müəyyən məhdudiyyət şəraitində dərs almayıblar. Bununla paralel digər səbəb əlbəttə, abituriyentlərin kurikulum formatına adaptasiya olmasıdır. Artıq onlar sualların qoyuluşu, modeli, mövzular barədə informasiyaya sahib olduqları üçün nəticələri də yüksək olub”.

Ekspertin sözlərinə görə, ötən illə müqayisədə bu il suallar daha əlverişli olub:

“3 mart tarixində keçirilmiş imtahanda 53 minə yaxın abituriyent iştirak etmişdi. Onların da böyük əksəriyyəti daha yaxşı nəticə əldə etdi. Düzdür, burada 100 baldan aşağı nəticə göstərənlər də var, amma təbii ki, könül istər hər kəs yaxşı nəticə əldə etsin. Bu kimi məqamlar da var ki, normal hazırlıq keçməyənlər aşağı nəticə əldə ediblər. Lakin buraxılış imtahanlarında əldə etdikləri nəticədən asılı olmayaraq hər biri ali təhsil müəssisələrinə sənəd veriblərsə, ixtisas qruplarının müsabiqəsində iştirak etmək hüququ qazanmış olurlar. Yəni burada 0 bal çıxsa belə, müsabiqədə çox rahat iştirak edə bilərlər. Buraxılış imtahanında nəticələrin yüksək olması ali təhsil müəssisələrinin V əsas qrupuna, o cümlədən 11 illik bazadan kollecə bu il formalaşacaq keçid ballarına təsir etmiş olacaq”.

Elçin Əfəndi deyib ki, bu il ötən illə müqayisədə keçid ballarında müəyyən qədər də olsa, artım gözlənilir:

“Əlbəttə, əgər bu nəticələr 10 mart tarixində keçirilmiş imtahanda və ya blok imtahanında da öz əksini göstərərsə, o zaman I, II, III, IV qruplarda da müvafiq olaraq keçid ballarında artım ola bilər. Qeyd edim ki, 10 mart tarixində keçirilmiş imtahanların nəticəsi 15-19 aprel aralığında açıqlanacaq”.

Zaira Akifqızı
Globalinfo.az