Bakı Biznes Universitetində bir qrup saqqal saxlayan oğlan tələbələrin dərsə buraxılmaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Məsələ hələ də müzakirə olunmaqdadır. Ümumiyyətlə, tələbə universitetə saqqallı halda gedə bilərmi?
Mövzunu Globalinfo.az-a şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, insanın geyimi, imicindəki dəyişiklik öz seçimidir.
Ekspertin sözlərinə görə, elə insan var, heç bir dini inancı olmasa belə, yaraşıq üçün saqqal saxlayır:
“İnsanların seçiminə hörmətlə yanaşılmalıdır. Bu, insanların azadlığı çərçivəsində olan məsələdir. Buna heç kəs müdaxilə edə bilməz. Şəxsi azadlıq aspektindən toxunulmazdır. Bu, heç dini məsələ də deyil. Bəzi insanlar var ki, sadəcə saqqal saxlamağı xoşlayır. Tələbənin buna görə universitetə buraxılmaması yolverilməzdir. Hüquqi baxımdan qeyd edim ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununun 14.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) təhsilalanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir:
“Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların geyim formaları “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən olunur. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir. Həmin Qanunun 32.5-ci maddəsinə əsasən təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək, təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək təhsilalanların vəzifəsidir”.
Kamran Əsədov
Kamran Əsədov deyib ki, hər bir halda tələbələrə dress kod qaydaları ilə bağlı qoyulan qadağalar onların konstitusion və konvension hüquqlarını pozmamalıdır:
“Təhsil müəssisəsinin qadağalarını hüquqa uyğun hesab etməyən tələbə bunu məhkəmədə mübahisələndirə bilər. Dünyanın hər tərəfində ali təhsil müəssisələrində tələbəyönümlülük hökm sürür. İstisna ölkələr var ki, müəllimyönümlü, müəllimmərkəzli tədris aparır. Amma inkişaf etmiş və etməkdə olan ölkələrdə biz tələbəyönümlülüyün şahidi oluruq. Bu, tələblərin motivasiyasını, dərsə diqqətini artırır, bir şəxsiyyət kimi yetişməyinə nəticə verir. Biz müəllimmərkəzli, məzmunmərkəzli tədris apardıqda, nəticə tələbələrin ruhdan düşməyi, dərsə maraqsız yanaşmağı olur. Təsəvvür edin ki, bir insana hansısa işi məcbur gördürməyə çalışırsınız. Bu işin nəticəsi bəlkə də olacaq, amma o iş daimi olmayacaq. Əgər bir uğur tələbənin şəxsi həvəsi ilə ortaya qoyulursa, bu, daimi bir iş olacaq. Biz tələbəyönümlülüyün, demokratik universitet mühitinin, tələbə avtonomiyasının tərəfdarıyıq”.
K.Əsədovun fikrincə, özümüzü bənzətməyə çalışdığımız ölkələrdə tələbə təşkilatlarının rəhbərləri birbaşa rektorlarla görüşüb, universitetin gələcəyi ilə bağlı müzakirələr aparır:
“Tələbələr ancaq bu yolla kreativ ola, şəxsiyyət kimi yetişə bilərlər. Belə olduqda həmçinin tələbə özünü xoşbəxt hiss edər. İnsan xoşbəxt deyilsə, məhsuldar ola bilməz. Mütləq bunu təhsil idarəçiləri düşünməlidirlər. Saqqal, şalvar, saç kimi məsələlər artıq geridə qalıb. Mütləq mənada insanlar beynin içinə baxmalıdır, çölünə yox. Ali məktəblərdə insanların dini ideoloji, cinsi seçimlərinə belə baxmırlar, nəinki saqqal və saçına. Bunlar çox ibtidai məsələlərdir, biz isə müasir dövrdə yaşayırıq. Biz hələ də saç-saqqal müzakirə ediriksə, bu, heç də yaxşı bir hal deyil. Yəni insanlar bu məsələdə çox sərbəst olmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az














