Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin hərtərəfli təhlilinə geniş imkanlar yaradır. Cari ildə ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, Ümummilli Liderin bugünümüz və gələcəyimiz üçün yaratdığı möhkəm təməlin uğurlarına bir daha diqqət yönəldilir.
İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin Globalinfo.az-a açıqlamasında o da qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin xidmətləri zamana sığmır, onun gördüyü işlərin miqyası o qədər genişdir ki, onların xronologiyasını belə əhatə etmək mümkünsüzdür. Bütün həyatını Azərbaycanın xoşbəxt gələcəyinə, beynəlxalq aləmdə tanınmasına həsr edən Ulu Öndər Heydər Əliyev “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri ilə Özünün bütün fəaliyyətinin aydın mənzərəsini təqdim etmişdir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini daimi, dönməz etdi. Onun layiqli davamçısı, Prezident İlham Əliyev torpaqlarımızı 30 ilin işğalından azad edərək adını tarixə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdırdı. Ulu Öndərin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan gələcəyə daha böyük inamla addımlayır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.