Kritik həmlə: Ukraynaya “xilaskar silah” verilir – Savaşın gedişi dəyişəcəkmi?

“Qərb də, Rusiya da mümkün uzunmüddətli münaqişəyə hazırlaşır və müharibənin doğuracağı strateji şoklara qarşı immun sistemini gücləndirirlər”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov Ukrayna hərbçilərinin “Patriot” zenit-raket kompleksləri ilə işləmək təlimi keçmək üçün ABŞ-da olması və rəsmi Vaşinqtonun bu silahı Ukraynaya verməsi ehtimalı haqda danışarkən deyib.

Onun sözlərinə görə, hələ də Rusiya ilə NATO-nun aşkar müstəvidə bir-biri ilə üz-üzə gəlib vuruşacağına inam yoxdur, amma tərəflər Ukrayna üzərindən hibrid müharibə elementlərini gücləndirirlər:

“Döyüş meydanındakı vəziyyət müəyyən nəticələr doğurur və cəbhədə nələr olacağını hələ ki proqnozlaşdırmaq mümkün deyil. Belə qarışıqlıq Rusiyanı da, Ukraynanı da, Qərbi də alternativlərə baş vuraraq potensiallarını artırmağa vadar edir.

Aqşin Kərimov

Rusiya üçün məqbul müttəfiq Belarusdur, Ukraynanın isə dostu çoxdur. Hərçənd Belarus ərazisindən Kiyevə yenidən qoşun yeridilsə, müharibənin strateji xarakteri Moskvanın xeyrinə dəyişə bilər.

Ukraynaya verilən silahlara gəlincə, hesab edirəm ki, onların hamısı Rusiyanın intensiv bombardmanları qarşısında böyük gücə sahib deyil. Düzdür, hücum silahları Ukraynaya tədarük edilir və Kiyev dəqiq zərbələrlə Rusiyanın cəbhədəki mövqelərini dağıtmağa nail olur. Ancaq Rusiya Ukraynada işğal zolağı yarada bilib və hər keçən gün Ukrayna üçün vəziyyət ağırlaşır”.

Ekspertin sözlərinə görə, “Patriot” hava hücumundan müdafiə sistemlərinin iş qabiliyyəti çox şişirdilir, bu silahların effektivliyini şübhə altına alan fikirlər Qərb mətbuatında az deyil:

“Yəməndən husilərin Səudiyyə Ərəbistanına atdığı raketləri zərərsizləşdirməkdə aciz qalan “Patriot”un Ukraynada nələri bacaracağı sual altındadır”.

Turan Rzayev
Globalinfo.az