kursk 1

Ukrayna hərbçiləri iki müdafiə xəttini və möhkəm nöqtəni keçərək ən azı 10 kilometrlik məsafədə Kursk vilayətinin ərazisinə daxil olublar. Əksər rəylərə görə, rəsmi Kiyev müharibədə ciddi dönüş yaradıb. Ukrayna Silahlı Qüvvələri avqustun 6-da əməliyyat başlayandan bəri Kursk vilayətində 45 kvadrat kilometr əraziyə nəzarət edib. ABŞ-dan bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu ilə bağlı öncədən məlumatları olmayıb.

Ortada xeyli suallar var. Ukrayna ABŞ-dan xəbərsiz əməliyyata başlayıb? Rusiya məğlub olur? Qərb niyə indi Ukrayna ordusunun güclənməsini reallaşdırdı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Ukrayna ordusunun Rusiya ərazisini keçərək şəhərlərə, kəndlərə daxil olması müharibədə dönüş nöqtəsinin yarandığı anlamına gəlmir:

“Bu, davamlı proses deyil. Yoxlama xarakteri daşıyır. Donetskin bir çox şəhərləri var ki, onlar həm Rusiya, həm də Ukrayna üçün strateji əhəmiyyət daşıyır. Bu şəhərlərin işğal olunması üçün Rusiya ciddi hücum əməliyyatları hazırlayıb. Dayanmadan bu əməliyyat həyata keçirilir. Belə vəziyyətdə Ukrayna Kremlin həqiqətən də sözügedən şəhərləri işğal etməsi və daha da irəliyə getməsi üçün nə qədər potensial imkanlarının mövcud olduğunu yoxlamaq istədi. Buna görə də Rusiyanın ərazisində hərbi əməliyyatlar keçirməklə onun real imkanlarını öyrəndilər ki, həqiqətən də sərhədlərdə ciddi boşluqlar mövcuddur. Rusiya ordusunda özünün iddia etdiyi kimi qüvvələr yoxdur. Bütün gücünü Donetskin böyük şəhərlərini ələ keçirmək üçün istifadə edib. Ukrayna bu kimi əməliyyatları davam etdirdiyi təqdirdə Rusiya öz qoşunlarını başqa istiqamətə transfer etməyə məcbur olur”.

Natiq Miri 143543

Natiq Miri

Politoloqun sözlərinə görə, Ukraynanın kiçik qüvvə ilə Rusiyanın 45 km-dən çox ərazisini zəbt etməsi Moskva üçün sarsıdıcı oldu:

“Bu məsələdən ABŞ və digər müttəfiqlərin də xəbərləri var. Belə əməliyyatların həyata keçirilməsi üçün rəsmi Vaşinqtona getməyə gərək yoxdur. ABŞ və digər müttəfiq ölkələrin Ukraynada ordu rəhbərliyində məsləhətləşmək üçün xüsusi nümayəndələri mövcuddur. Bu əməliyyatlar birgə hazırlanır. ABŞ-ın xəbəri təkzib etməsi real deyil.
Sözügedən əməliyyatın Rusiyanın digər ərazilərində də keçirilməsi istisna sayılmır. Ukraynaya faktiki silahlar verilir. Amma bunun müharibədə böyük uğur gətirəcəyini demək olmaz. Səfərbərliklə bağlı da ciddi problemləri var. İnsanların bir çoxu müharibədə iştirak etməkdən qorxur. Digər tərəfdən orduya cəlb olunan şəxslərin aylarla ciddi təlim keçməsinə ehtiyac var ki, iki ildən artıq cəbhədə döyüşən əsgərləri əvəz edə, Rusiya basqınlarına dözə bilsinlər”.

Natiq Miri Ukraynaya kifayət qədər silah-sursat verilmədiyini qeyd edib:

“Rusiyanın dərinliklərində yerləşən aerodromları və hərbi bazaları zərərsizləşdirmək üçün Ukraynaya silahlar, uzun mənzilli rekatelər verən dövlətlər həm də hücumla bağlı icazə verməlidirlər. Çünki icazə verilmədiyi halda əhəmiyyətli silahların göndərilməsinin də mənası qalmır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: