Ali Rada Ukraynada hərbi vəziyyəti və ümumi səfərbərliyi daha 90 gün uzadıb. Məlumata görə, Rusiyanın tammiqyaslı müdaxiləsinin üçüncü ilində 1200 kilometrlik cəbhə xətti boyunca Ukrayna əsgərləri böyük basqı hiss etdiklərindən çox zaman taqətdən düşüncə vuruşmalı olurlar. Ukrayna özünü müdafiə etməkdən ötrü əsgər sayını artırmaqda çətinlik çəkir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də açıqlamasında bildirmişdi ki, 2025-ci ildə Ukrayna müharibəsi bitə bilər.
Ukrayna alçaldıcı sülhə məcbur edilir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev tezliklə Rusiya və Ukrayna arasında atəşkəs imzalanacağını düşünmür:
“Rusiyanın genişmiqyaslı hücumlarına baxmayaraq böyük nəticə əldə etməyib. Mayın 9-da Xarkov şəhərini ələ keçirməyə çalışsalar da uğursuz oldu. Sözügedən şəhərin işğalı baş tuta idi bu, həm Putinə hədiyyə olacaqdı, həm də Rusiya müharibədə psixoloji üstünlük əldə edəcəkdi. Ukrayna ordusunun da hücum potensialı tükənib. Xarkovdakı ölüm-dirim müharibəsindən sonra rəsmi Kiyev üzərində böyük yorğunluq qaldı. Bu səbəbdən orduya könüllülər cəlb etməyə çalışdı. Lakin bu da istənilən nəticəni vermədi. Ukraynanın dövlət aparatı gəncləri cəbhəyə göndərməkdə problemlər yaşadığı üçün bu hal orduda əsgər çatışmazlığına səbəb olur”.
Turab Rzayev
Politoloqun sözlərinə görə, bununla paralel ABŞ Ukraynaya 60 milyard dollar həcmində yardım ayırdı:
“Bundan sonra, Avropa İttifaqı da eyni yanaşmanı sərgilədi. Ukrayna müharibəsində sülhün əldə edilməsi ilə bağlı NATO zirvə toplantısı təşkil edildi. Alyans Kiyevə sonuna qədər dəstək verəcəyini açıqladı. NATO baş katibi Yens Stoltenberq Danimarka “F-16”-larının Ukraynaya göndəriləcəyi ilə bağlı məlumat verdi.
Gürcüstan Baş nazirinin açıqlaması isə Rusiyanın mövqeyini ifadə edir. Gürcüstanın mövcud hakimiyyəti daha çox Rusiya-Çin blokuna yaxındır. Avro-Atlantik məkandan imtina ediblər. Qərblə münasibətlər gərginləşib və s. Yəni bu açıqlama ilə Rusiyanın istəkləri nəzərə alınmaqla atəşkəsin, sülhün imzalanması nəzərdə tutulur”.
Safura Bənnayeva
Globalinfo.az