Avropa Komissiyası (AK) Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşlərdən birində çalışan ukraynalı tərcüməçini casusluqda şübhəli bilib və onu vəzifəsindən uzaqlaşdırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
Məlumata əsasən, sözügedən tərcüməçi Zelenskinin Brüsselə səfəri zamanı rəsmi görüşlərdə iştirak edib və tərcüməçi statusunda xüsusi məlumatlara çıxış imkanı olub. Onun fəaliyyəti ilə bağlı şübhələr müəyyənləşdirildikdən sonra Avropa Komissiyası tərəfindən daxili yoxlama başladılıb. Nəticədə o, təhlükəsizlik riskləri fonunda işindən uzaqlaşdırılıb.
Nəşr qeyd edir ki, Avropa İttifaqının strukturlarında bu cür hallar olduqca nadirdir, lakin Rusiya–Ukrayna müharibəsinin fonunda kəşfiyyat fəaliyyəti və casusluq ehtimallarına qarşı nəzarət tədbirləri son aylarda daha da gücləndirilib.
Tərcüməçinin kimliyi və hansı ölkə ilə əməkdaşlıqda şübhəli bilinməsi barədə hələlik rəsmi açıqlama verilməyib. Hazırda məsələ ilə bağlı Avropa İttifaqının təhlükəsizlik strukturları araşdırma aparır.
Tahir Turan
Globalinfo.az














