Şəxsiyyətçi avtokratiyalar statistik olaraq kütləvi etirazlardan daha çox çevrilişlərin qurbanı olur.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Yekatrina Şulman Azadlıq Radiosuna müsahibəsində deyib.
O bildirib ki, Ukraynadakı müharibə hazırda Rusiyada Putin hakimiyyətini yox, Şoyqu klanını gücləndirib:
“Baş avtokrat (Putin) hakimiyyətdə qalır. Bunu etmək üçün o, heç kimi zəiflətmədən və heç kimin özünü gücləndirməsinə imkan vermədən klanlar arasındakı balansı qoruyub saxlamalıdır. Məncə, Şoyqu klanı və bütövlükdə Rusiya Müdafiə Nazirliyi müharibəyə görə hədsiz dərəcədə gücləniblər. Savaşın isə öz nəticəsi olur. Sən öz Müdafiə Nazirliyinə bu qədər pul xərcləyirsənsə, o böyüyür. Savaşı yeni Vətən müharibəsi kimi qələmə verirsənsə, yəqin ki, populyar hərbi liderlərin ortaya çıxır. Sənsə buna imkan verə bilməzsən, axı tək olmalısan. Bu səbəbdən çox ehtiyatlı və çox həssas davranmalısan”.
Şulmana görə, hazırda Putin Rusiyadakı klanlar daxilində balansı saxlamağa cəhd edir:
“Bizim ölkədə şəxsiyyətçi avtokratiyadır. Yəni hakimiyyət liderin və onun ən yaxın çevrəsinin əlində cəmləşib. Ancaq biz, sadəcə, prezident və onun beş dostunun idarə edə bilməyəcəyi böyük ölkəyik. Məncə, Rusiyanın əsas təsisatı onun bürokratiyasıdır – həm mülki, həm də hərbi. Adamlar dəyişir, təsisatlar qalır; təsisatın texniki tərifi budur. Bizdə ikinci adam, üçüncü adam, dördüncü adam və s. deyə biləcəyimiz xətt yoxdur. Bizdə birinci adam var, ondan sonra isə boşluqdur. Bizdə iri klanlar var və balansı qorumaq avtokratın işidir. O, elitaiçi münaqişənin arbitridir. O bu işi çox da yaxşı bacarmır. Klanlar var, sən onları orada saxlamağa çalışırsan, ancaq heç kimə birinci olmağa və həddindən çox güc əldə etməyə imkan vermirsən”.
Əliyar Xəlil
Globalinfo.az














