Zelenski ilə Putinin görüşünə hazırlıq gedir

1732377761 5272

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kremlin rəhbəri Vladimir Putin arasında mümkün görüş üçün Kiyev tərəfi aktiv şəkildə hazırlıq aparır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskvanın əsas strategiyası ABŞ-ı sülh danışıqlarından kənarlaşdırmaqdır, lakin Sibiqa qeyd edib ki, Avropa təhlükəsizliyinin ABŞ-sız təmin ediləcəyinə inanmır.

“Biz ABŞ-ın prosesdə iştirakına ehtiyac duyuruq və Prezident Trampın sülh təşəbbüslərini alqışlayırıq. Türkiyədəki danışıqların davamı üçün heç bir ilkin şərt ola bilməz. Orada konkret razılaşmalar əldə olunub, əgər Rusiya nümayəndələrinin səsləndirdiyi saxta tarixi dərsləri kənara qoysaq”, – Sibiqa deyib.

Həmçinin oxuyun:

Zelenskini buna ABŞ və Avropa məcbur etdi – “The Washington Post”

Sibiqa xatırladıb ki, tərəflər əsir mübadiləsinə razılaşıb və proses artıq başlayıb. İndi Ukrayna Rusiyanın qeyd-şərtsiz atəşkəslə bağlı vizyonunu təqdim etməsini gözləyir. Kiyevdə də analoji sənəd hazırlanır. Üçüncü mərhələ isə Zelenski ilə Putinin görüşünün təşkili üzərində işin aparılmasıdır.

“Görüşün geniş formatda keçiriləcəyi ehtimalını istisna etmirik. Biz Prezident Trampın da bu görüşə qatılmasını çox istərdik və daim vurğulayırıq ki, gələcək danışıqlar masasında Avropa mütləq təmsil olunmalıdır”, – deyə nazir əlavə edib.

O, həmçinin, Vatikanın mümkün danışıqlar məkanı kimi nəzərdən keçirildiyini təsdiqləyib.

Aysel Əliyeva
Globalinfo.az