Ukrayna Baş nazirinin müavini ABŞ-a səfir təyin olunur?

Ukrayna Baş nazirinin müavini ABŞ-a səfir təyin olunur?

Ukraynanın Baş nazirinin Avropaya inteqrasiya üzrə müavini və ədliyyə naziri Olha Stefanişina Vaşinqtondakı Ukrayna səfiri postuna mümkün təyinatı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Globalinfo.az-ın məlumatına görə, o, “RİA Novosti”yə açıqlamasında bu məsələnin onunla rəsmi olaraq müzakirə olunmadığını deyib.

“Əminliklə deyə bilərəm ki, mənim heç kimlə — nə hökumətdə, nə parlamentdə, nə də başqa yerdə belə söhbətlər olmayıb. Şəxsən mənimlə heç kimin söhbəti olmayıb. Bəlkə də bunlar sadəcə şayiələrdir”, – Stefanişina qeyd edib.

Bu açıqlama “Financial Times” qəzetinin dünən – iyulun 8-də yayımladığı məlumata cavab olaraq verilib. Həmin məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı hazırkı səfir Oksana Markarovanın geri çağırılacağını vəd edib.

Qəzet yazıb ki, Markarova Demokratlar Partiyasına yaxınlığı ilə tanınır və bu səbəbdən respublikaçılar tərəfindən tənqid olunub. Onun vəzifədən alınması, Zelenskinin Tramp administrasiyasını — xüsusilə də silah tədarükü məsələsində — sakitləşdirmə cəhdi kimi dəyərləndirilir.

Tahir Turan

Globalinfo.az