Ukrayna altı ayda 14 milyarda yaxın ardım aldı

2024-cü ilin birinci yarısında Ukrayna büdcəsinə təxminən 14 milyard dollar xarici yardım daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, ilin birinci yarısı üçün dövlət büdcəsinin maliyyələşdirilməsi 20,2 milyard dollar, xarici maliyyələşdirmə isə 13,8 milyard dollar təşkil edib.

Hesabat dövründə ən böyük donorlar Avropa İttifaqı, Yaponiya, Kanada və Beynəlxalq Valyuta Fondu olub. İyun ayında Aİ-dən daxil olan 1,9 milyard avro (2 milyard dollardan çox) tranş hesabına xarici maliyyələşdirmənin həcmi artıb. Dövlət istiqrazlarının buraxılışı isə dövlət büdcəsinə 1,4 milyard dollar cəlb etməyə imkan verib.

“Ümumilikdə, 2022-ci ilin fevral ayından bəri beynəlxalq yardım 87,4 milyard dollara çatır, dövlət istiqrazlarının buraxılışından cəlb edilən vəsait isə 29 milyard dollardan çoxdur”, – deyə nazirlikdən bildirilib.

Bu ilin ilk beş ayında Ukrayna hərbi ehtiyaclara 18 milyard dollar xərcləyib ki, bu da bütün büdcə xərclərinin təqribən 60 faizinə bərabərdir.