Üç ölkənin müdafiə nazirlərinin Bakı anlaşması – DETALLAR

“Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Bakı toplantısı son zamanlar Qərbin Gürcüstan üzərindən oynamağa çalışdığı oyuna qarşı uğurlu gedişdir”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Onun sözlərinə görə, Gürcüstan üzərindən Ermənistana silah daşınması ilə bağlı proseslər başlanğıc idi:

“Təbii ki, Gürcüstan bilir ki, Azərbaycan və Türkiyənin maraqlarına, təhlükəsizliyinə qarşı addımlar atacağı halda Bakı və Ankaranın buna səssiz qalmayacaq.

Əli Zülfüqaroğlu

Fransanın Azərbaycana Gürcüstan üzərindən təzyiqlərinin olması bəllidir. Tbilisi hələ ki, bu təzyiqlərin daha da genişlənməsini istəmir. Azərbaycan və Türkiyə də bunu anlayışla qarşılayır, amma müəyyən həddə qədər. Ona görə də Ermənistanla Gürcüstan müdafiə nazirlərinin görüşündən sonra Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin Bakı toplantısı siyasi mesaj xarakteri daşıyır və düşünürəm ki, çox uğurlu gedişdir”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, Prezident İlham Əliyevin son zamanlar təxribat yuvasına çevrilən Qərb masaları ilə bağlı konkret addımları var:

“Dövlət başçısı sülh danışıqları ilə bağlı ən uğurlu yolun region ölkələri çərçivəsində olduğunu bildirib. Bu, həm Ermənistana, həm də Qərbə yönəlik konkret mesajdır. Dövlət başçısının xüsusilə Tiflis platformasını təklif etməsi Qərbin tezisləri ilə hərəkət edən Ermənistanı fakt qarşısında qoydu. Hesab edirəm ki, rəsmi Bakının bölgədə dominant siyasəti və uğurlu gedişləri ciddi effektiv nəticələr doğurur və bölgə ilə bağlı Qərbin Ermənistan və Gürcüstan üzərindən istənilən planı fiasko ilə nəticələnəcək”.

Turan Rzayev
Globalinfo.az