Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca diqqətçəkən mövzulardan biri də region ölkələrinin seçkilərdə kimi dəstəkləməsidir. Aydın məsələdir ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasətini bəyənən dövlətlər olduğu kimi, bəyənməyən ölkələr də var. Xüsusilə hazırkı etapda Rusiya, Səudiyyə Ərəbistanı, İran, Qətər və s. ölkələrin seçki ilə bağlı gözləntiləri maraqlıdır.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə qalmasını istəyən ölkələr kimi hakimiyyətdə qalmasını istəməyənlər də var:
“Hesab edirəm, ölkələrə ayrı-ayrılıqda baxmaq, analiz etmək lazımdır. Misal üçün, Rusiya və Prezident Vladimir Putin Ərdoğanın hakimiyyətdə qalmasında maraqlıdır. Bu yaxınlarda iki ölkənin ortaq layihəsi olan “Akkuyu” atom elektrik stansiyası fəaliyyətə başlayacaq. Bu, Türkiyənin enerji təminatı baxımdan mühüm irəliləyişdir. Açılış mərasiminin təntənəli olması da gözlənilir.
Putinin açılış mərasimində iştirak etməsi gözlənilirdisə məlum məsələlərə görə bu iştirak ləğv edildi. Lakin bütün hallarda Rusiya Ərdoğanın qələbəsini dəstəkləyir deyə bilərik. Digər tərəfdən nəzərə almaq lazımdır prezidentliyə namizədlərinin heç birinin Rusiyaya qarşı mövqeyi Ərdoğan kimi loyal deyil”.
Politoloq deyib ki, Qətər də Ərdoğanın Türkiyə prezidenti olmasında maraqlıdır:
“Ümumiyyətlə iki ölkə arasında hazırda dərin iqtisadi-siyasi əlaqələr var. Bildiyiniz kimi, bir müddət öncə Qətərlə Səudiyyə Ərəbistanı arasında problem olmuş və Türkiyə Qətəri müdafiə etmişdi.
Bu gün Qətərdən olan investorlar Türkiyəyə külli miqdarda investisiya yatırır. Bundan başqa Türkiyə iqtisadiyyatında Qətərdən gələn xarici valyutanın da mühüm əhəmiyyəti var.
Əlimusa İbrahimov
Səudiyyə Ərəbistanı ilə bağlı isə onu demək olar ki, iki ölkə arasında münasibətlər bir müddət gərgin olsa da hazırda normallaşma prosesi gedir. Rəsmi Ər-Riyadın Ərdoğanla xüsusi bir problemi yoxdur və ən azı mövqeyi neytraldır demək olar.
İrana gəldikdə isə rəsmi Tehranın Ərdoğanı dəstəklədiyini düşünmürəm. Düzdür, bu istiqamətdə bir təəssürat bağışlasalar da bu, gözdən pərdə asmaqdır. Xüsusilə Türkiyənin Azərbaycanı müdafiə etməsi Tehran nəzdində ciddi qıcıq yaradır”.
Turan Rzayev
Globalinfo.az














