Türkiyəli politoloqdan son durum açıqlaması: Kılıçdaroğlu qalib gəlməsə…

Globalinfo.az Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtayın müsahibəsini təqdim edir:

– Həsən bəy, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçkinin favoriti AKP lideri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan sayılsa da, ana müxalifətin təmsilçisi Kamal Kılıçdaroğlunun ciddi müqavimət göstərəcəyi güman edilir. İkinci turla bağlı ümumi görüşünüz necədir?

– Seçkinin ikinci tura qalması hər iki namizədin güclü olduğunu göstərir. İkinci turda da birinci turda olduğu kimi əzmkar mübarizənin şahidi olacağıq. İkinci tur həlledici olacaq və bu turda ən çox səs toplayan namizəd Türkiyənin növbəti prezidenti olacaq.

AK Partiya lideri, Prezident Rəcəb Tayyib Ərdoğan hazırda qələbəyə daha yaxın görünür, lakin Kamal Kılıçdaroğlu da boş dayanmır. Səssiz şəkildə ikinci tura hazırlaşır. Bu baxımdan qalibin tam bəlli olduğunu indidən demək düzgün yanaşma deyil.

– Əslində sözlərinizdə həqiqət var. Prezident seçkilərinin ikinci turuna az qalmış çox ciddi proseslərin şahidi olduq. Misal üçün, gözlənildiyi kimi, Sinan Oğan Ərdoğanı dəstəklədi. Zəfər Partiyasının lideri Ümid Özdağ isə “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqladı. Sizcə, Oğanın və Özdağın bu qərarı ikinci turun nəticəsinə təsir edəcək?

– Qeyd etdiyim kimi ikinci turda qalibiyyətə Ərdoğan daha yaxındır, lakin bu o demək deyil ki, Kamal Kılıçdaroğlu məğlubiyyəti qəbul edib geri çəkilib. Kılıçdaroğlu aktivdir. Özü də düşünüldüyündən də çox aktivdir. Bu onun ikinci turda qələbə qazanmaq üçün əlindən gələni edəcəyini göstərir.

Sinan Oğanla Ümid Özdağ eyni nüfuza sahib deyillər. Hesab edirəm Özdağın dəstəyi Kılıçdaroğlu üçün vacibdir. Ancaq burada bir məqamı da unutmamaq lazımdır. Özdağ ilə HDP arasında ziddiyyətlər var. Tamamilə zidd görüşə sahibdirlər. Özdağın Kılıçdaroğluya dəstək verməsi ilə bağlı açıqlama verəcəklərini bildiriblər. Əgər HDP Kılıçdaroğlu ilə davam etmək qərarı versə, bu, onun qələbə şansını artıracaq.

O ki qaldı Sinan Oğana, Özdağ olmasa onun Ərdoğana dəstəyinin heç bir əhəmiyyəti qalmır. Çünki təkbaşına Sinan Oğanın bu və ya başqa formada verəcək dəstəyi yoxdur.

– Həsən bəy, bəs Kılıçdaroğlu prezident seçkilərinin ikinci turunda məğlub olsa o zaman nə baş verəcək: “Altılı masa” və tərəfdarları meydanlara axışıb, səsverməni boykot edib, etiraz aksiyalarına başlaya bilər?

– Birinci tur sonrası müxalifətin nəticədən narazı qalması bəllidir. Hətta müəyyən istefaların da şahidi olduq. Lakin “Altılı masa” birinci turdan sonra dağılmağa üz tutdu kimi fikirlər doğru deyil. Müxalifətin ikinci tur və sonrası Kılıçdaroğluna dəstəyi davam edəcək. Söhbət hərtərəfli dəstəkdən gedir.

– Ola bilər ki, prezident seçkilərinin nəticəsi ikinci turda da müəyyənləşməsin?

– Əgər seçkinin üçüncü tura qalmasını nəzərdə tutursunuzsa deyə bilərəm ki, belə bir şey yoxdur. Yəni üçüncü tur deyə bir şey yoxdur. İkinci turda ən çox səs toplayan namizəd prezident olacaq.

Turan Rzayev
Globalinfo.az