
Rus mediasında ötən gün Ankarada TUSAŞ aerokosmik şirkətinin inzibati binasına terror hücumu ilə bağlı maraqlı detal təqdim olunub.
Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, “Baza” teleqram kanalı dünən baş verən hadisəni “Teşkilat” serialının 3 il əvvəl təqdim olunan ilk bölümündəki terror səhnəsi ilə müqayisə edib. Kanal hadisəni “Məşhur türk serialı üç il əvvəl Ankaradakı terror aktını proqnozlaşdırmışdı” başlığı ilə yayımlayıb.
Belə ki, sözügedən ekran işində Ankarada ən son hərbi pilotsuz təyyarələr istehsal edən və gizli müdafiə həlləri ilə məşğul olan “SİHA” (hərbi pilotsuz uçuş aparatı) konserninin (müəssisələr birliyi) ərazisində terror aktı səhnələşdirilir. Serialda hücum nəticəsində türk mühəndislər həlak olur və strateji konsernin məlumatları oğurlanır.
İşçilərin bir qismini zəhərləyən terrorçular zavodun yaxınlığındakı avtobus dayanacağına atəş açaraq mühəndislərə hücum edərək onları öldürürlər. Ssenaridə araşdırmalar nəticəsində türk kəşfiyyatçıları təyyarə zavoduna hücumun xarici kəşfiyyat xidmətləri tərəfindən təşkil edildiyini müəyyən ediblər.
Qeyd edək ki, ötən gün Ankarada TUSAŞ aerokosmik şirkətinin obyektində baş verən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
Türkiyə milli müdafiə naziri Yaşar Gülər son açıqlamasında sözügedən terroru PKK terror təşkilatının üzvlərinin həyata keçirdiyini bildirib.














