Kılıçdaroğlu Bakıya qarşı daha bir ciddi səhvə yol verəcək – Politoloqdan xəbərdarlıq

“Türkiyədə Ərdoğanın 2-ci turda qalib gəlməmə ehtimalını çox aşağı görürəm. Əgər Kılıçdaroğlu hakimiyyətə gəlsə, qardaş ölkədə gərgin siyasi mühitin formalaşacağını, siyasi qütbləşmənin daha da kəskinləşəcəyini düşünürəm”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, bütün bunlar xarici siyasətə də təsirsiz ötüşməyəcək. Azərbaycan-Türkiyə qardaşlığı heç bir dönəm Ərdoğan hakimiyyəti dövründə olduğu qədər yüksəliş yaşamayıb:

“Məhz Kılıçdaroğlu ilə bağlı suala cavab versək, münasibətlərin onun dövründə kəskin səviyyədə zəifləyəcəyini düşünürəm. Hakimiyyətə gəlmədən belə bu əlaqələrə kölgə salan şəxs, gəldikdən sonra ciddi nöqsanlara yol verəcək.

Orta dəhlizin təminatı uğrunda olduqca əhəmiyyətli işlər görən Azərbaycanı bu dəhlizdən kənarlaşdırmaq, türk düşməni olan, illərdir soydaşlarımıza qarşı rasist mövqe nümayiş etdirən, öz vətəndaşı ilə savaşan İranı dəstəkləmək artıq əlaqələrin gələcəyini öngörməyimizə kömək edir. Bu şəxs açıq şəkildə Zəngəzur dəhlizinin üzərindən xətt çəkir. O dəhliz ki Turan qapısıdır. Türk dünyasının fiziki birləşməsini təmin edə bilər. Bu layihədən imtina edən şəxsin Türk birliyinə hər hansı töhfə verə biləcəyini düşünmürəm”.

Turan Rzayev
Globalinfo.az