Türkiyənin Diyarbəkir şəhərində itkin düşdükdən 19 gün sonra nəşi tapılan 8 yaşlı Narin Güranın başına gələnlər 2019-cu ilin noyabr ayında Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın da oxşar qaydada qətlə yetirilməsini gündəmə gətirib. Belə ki, hər iki cinayətlə bağlı oxşar məqamlar diqqət çəkib.
Ümumiyyətlə, uşaq qətllərinin qarşısını almaq üçün nə etmək olar?
Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, qanunla uşaqların hüquq və təhlükəsizlik məsələləri valideynlər, eləcə də dövlət tərəfindən qorunur.
Onun sözlərinə görə, “Uşaq hüquqları haqqında” qanunda da qeyd olunur ki, uşaqların təhlükəsizliyinin təminatçısı ilk növbədə valideyn və dövlətdir:
“Bəzi ata-analar öz missiyalarını başa düşmürlər, uşaqlara vaxt ayırmır, düzgün və səmimi ortam yaratmırlar və s. Bu da uşaqların ölümünə səbəb olacaq hadisələrlə nəticələnir. Bütün ölkələrdə bənzər hadisələr baş verir. Bəzi ata-analar valideyn olmağa hazır deyillər. Ona görə də cinayət hadisələri baş verir. Təəssüf ki, bəzən belə hadisələr “valideynlər” tərəfindən törədilir. Bu cinayətlər ciddi araşdırılmalı, hüquqi qiymətləndirilməlidir”.
Üzeyir Şəfiyev
Sosioloq deyib ki, valideynlik missiyasını gənclərə ötürməyi bacarmalıyıq:
“Burada aidiyyəti qurumların da kordinasiyalı nəzarətinə və fəaliyyətinə ehtiyac var. Məlum hadisələr onu deməyə əsas verir ki, biz bunu qiymətləndirərkən məsələyə səthi yanaşır, dərinliyinə varmırıq. Əslində, hadisələrin başvermə səbəbini, mahiyyətini ciddi araşdırmalıyıq. Bəzən cinayətlər doğru-düzgün araşdırılmır deyə, uzun müddət nəticə əldə etmək olmur.”.
Sosioloqun fikrincə, valideynlərin uşaqlarla münasibətinə baxmaq lazımdır:
“Valideynin 18 yaşına çatmayan övladı üzərində öhdəliyi var. Bununla yanaşı, ailə qurmaq üçün insanların valideynlik keyfiyyəti olmalıdır. Çox yaxşı olar ki, evlənən cütlüklər qan testi ilə bərabər psixoloji testdən də keçirilsinlər”.
Zaira Akifqızı
Globalinfo.az