Ankarada Türk Aerokosmik Sənayesində (TUSAŞ) törədilən teraktdan sonra Türkiyə Silahlı Qüvvələri hücumun arxasında dayanan PKK təşkilatının Suriya və İraqdakı mərkəzlərinə dağıdıcı zərbələr endirməyə davam edir.
TUŞAS-a edilən hücum beynəlxalq siyasi dairələrdə ciddi müzakirələrə səbəb oldu. Bu hadisə 2016-cı il 15 iyulda baş verən hərbi çevriliş cəhddindən öncə Türkiyədəki teraktları xatırladıb. Beləliklə ölkədə növbəti dəfə çevriliş cəhdinin olma ehtimalına dair ictimaiyyətdə narahatlıq yaranıb.
Növbəti cəhdin olması mümkündürmü?
Globalinfo.az-a danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib ki, ölkədə hərbi çevrilişlər dövrü hələ 1960-cı ildən başlayır:
“Həmin illərdə ölkə daxilində vəziyyət qarışıq idi. 1970-ci ildə hərbi çevrilişə cəhd edildi, lakin 1980-ci ildə bu cəhd baş tutdu. Hərbi çevriliş öncəsi Türkiyədə sağçılar ilə solçular arasında ciddi mübarizə vardı, nəticədə bu problemlər həll olundu. Fikrimcə, 2016-cı il hadisələri tam olaraq hərbi çevriliş cəhdi adlandırılmamalıdır. Belə ki, bunda öncəkiləri çevriliş planlarının arxasında birbaşa ordu dayanırdı. Amma 8 il öncəki hadisə FETÖ terror təşkilatının təşəbbüsü idi. Lakin buna nail ola bilmədilər. Xalq və təhlükəsizlik qüvvələri ortaq şəkildə bu cəhdin qarşısını aldı. 2016-cı ildəki cəhdlə, öncəki terror hadisələrinin bir-biri ilə əlaqəli olduğunu düşünmürəm. Terror hücumlarının arxasındakı qurum PKK təşkilatı idi.

Yücel Karauz
Bu gün dünyadakı bütün terror təşkilatlarının ardındakı güc bəllidir. İmperial məqsədi olan qüvvələr terror təşkilatlarını silahlandırır və maliyyələşdirir. PKK son zamanlar adət etmədiyimiz tərzdə TUSAŞ-ı hədəf seçdi. Prosesin ardının gəlməsi, yeni teraktların olması ehtimalı var. Amma nəticədə yeni hərbi çevrilişə cəhd edilməsi mümkün deyil. Bununla belə Türkiyənin böyüməsini istəməyən güclər teraktların ardıcıl olması üçün əlindən gələni edəcək”.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru, politoloq Fərhad Məmmədov da deyib ki, Türkiyədə terror aktlarını həyata keçirən və dövlət çevrilişinə cəhd edən qruplar fərqlidir:

Fərhad Məmmədov
“Ölkədə hücumları daha çox PKK, İŞİD, ya da bu qəbildən olan terror təşkilatları həyata keçirir. Amma dövlət çevrilişinə daha çox FETÖ və hərbçilər cəhd edir. 2024-ci il hadisələri ilə 2016-cı il hadisələrini müqayisə etmək bir qədər düz deyil. 15 iyul hadisələrində xalq birləşdi və çevriliş cəhdinə layiqli cavab verdi. O səbəblə bir daha kiminsə belə bir şeyə cəhd edəcəyini düşünmürəm. Yəni bunu istəyənlər mütləq ki, yenə var. Amma hərbi qanadın dəstəyi olmadan etmək mümkün deyil. Hərbçilər isə hazırda bunu istəmir. Yəni başqa bir hərbi çevriliş cəhdi real deyil”.
Turan Rzayev
Globalinfo.az














