Türkiyə ordusu Azərbaycandadır və… – Şərh

“Prezident İlham Əliyevin çıxışından bəlli olur ki, Azərbaycan ordusu Türkiyədə, türk ordusu da Azərbaycandadır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyevin Türkiyə ilə bağlı sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, istənilən əməliyyatda rəsmi Ankara və Bakı birgə döyüşəcək:

“2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nə görə, hər iki ölkə təhdidlərə qarşı siyasi və hərbi müstəvidə ortaq fəaliyyət göstərəcək. Lakin bunun Prezident tərəfindən açıqlanması və indi bəyan edilməsi əhəmiyyətlidir.

Prezident İlham Əliyevin bu mesajı “sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlara”, xüsusilə son dövrlər bu istiqamətdə daha çox önə çıxan İrana mesaj idi.

Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan və Türkiyə ordusu sözün bütün mənalarında eyni səngərdə xidmət edir”.

A.Nərimanlının sözlərinə görə, ölkə başçısı çıxışı zamanı həm də, İranla bağlı mesajlar verdi:

“Prezident Tehran rejiminin Bakıya qarşı hücumlarından sonra ilk dəfə bu qədər açıq danışaraq, hər şeyi öz adı ilə adlandırdı. Misal üçün, dövlət başçısı Arazın o tayındakı soydaşlarımızın Azərbaycan xalqının bir hissəsi olduğunu bəyan etdi. Prezident bundan öncəki çıxışlarında onlar haqda “40 milyon soydaşımız” deyə bəhs etmişdi, indi “İranda yaşayan azərbaycanlılar” adlandırmaqla daha da konkretləşdirdi.

Mümkündür ki, bu istiqamətdə iş həm beynəlxalq müstəvidə, həm də Arazın bu tayında davamlı olaraq aparılacaq. Əliyevin bu çıxışı eyni zamanda, cənubdakı soydaşlarımızı ana dili və milli kimlik uğrunda mübarizəni daha güclü şəkildə aparmağa sövq edəcək”.

Turan Rzayev
Globalinfo.az