Türkiyə-İsrail münasibətləri üçün yeni təhlükə: Tehran Fələstini buna sövq edir…

“Beynəlxalq münasibətlərdə paradiqmalar dəyişsə də, Fələstin məsələsi ABŞ və İsrailə qarşı qütbləşmənin mərkəzi kimi qalır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov İsrail ilə Fələstin arasında gərginliyin son günlər yenidən aktivləşməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, son illər Çinin Yaxın Şərq siyasətini intensivləşdirən fazaya keçirməsindən sonra regionda ABŞ-ın yavaş və davamlı məğlubiyyətləri İsraillə yaranan boşluqlara sızmaq imkanları yaradır:

“Fələstin münaqişəsi dəyişməyən mövqelər və Çin kimi böyük oyunçunun aktivliyi baxımından beynəlxalq kontekstdə növbəti mərhələsini yaşayır. Fələstindəki mübarizənin ruhunu onu dəstəkləyən xarici aktorlar arasındakı fikir ayrılıqlarıdır. Məsələn, Türkiyə ilə İranın Fələstini dəstəkləmək üçün məntiqi fərqli meyarlara söykənir, Rusiya isə İsraillə həssas münasibətləri nəzərə alaraq Fələstindəki müqavimətin zəifləməsinə xidmət edir. Türkiyənin yanaşması isə klassikdir, sadəcə olaraq İsraillə normallaşan münasibətlər Ankaranın Fələstinin böyük dəstəkçisi olmaq rolunu bir qədər məhdudlaşdıra bilər”.

A.Kərimov deyib ki, texniki kiçilmə olsa belə strateji ölçülərdə Türkiyə özünün Fələstin siyasətini kəskin dəyişikliyə məruz qoyacağına inanmır:

“Bununla belə, bir neçə istiqamət üzrə taktiki razılıq əldə edilə bilər. İsraili ən çox narahat edən Türkiyənin FƏTH-i kənara qoyaraq HƏMAS-ı dəstəkləməyə üstünlük verməsidir. HƏMAS ilə Ankara arasında təmaslar mövcuddur və Ankara həmin təşkilatın liderlərini tez-tez qəbul edirdi. Mümkündür ki, İsrail Türkiyənin HƏMAS rəsmilərini qəbul etməməsini bildirir və Ankara da buna “yox” demir. İsraillə Türkiyənin Fələstin münaqişəsi müstəvisində dil tapa biləcəyi ikinci nöqtə İranla əlaqədardır.

Türkiyə İsrailə, ən yaxşı halda, İranın Fələstin üzərindən yəhudi dövlətinə qarşı irəliləyiş bazası yaratmaq planlarını pozmaqda yardımçı olacaq. Ümumilikdə Fələstinə dair təşəbbüslərin ələ keçirilməsi üçün gərgin mübarizə gedir və hələ ki dəngəni itirən daha çox ABŞ-dir”.

Turan Rzayev
Globalinfo.az