Türkiyə mediası məlumat yayıb ki, rəsmi Ankara İsrail təhdidini əsas götürərək İrana həm ölkə daxilindəki, həm də İraqdakı kürd qruplaşmalarını hədəf almamaqla bağlı xəbərdarlıq edib.
Bildirilib ki, Ankara İranın bu qruplara artan təzyiqinin onların İsraillə daha sıx əlaqələr qurmasına səbəb ola biləcəyi ilə bağlı narahatlığını Tehrana çatdırıb.
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, kürdlər vahid etnik qrup olsalar da, siyasi baxımdan vahid mövqe ortaya qoya bilmədikləri üçün daim parçalanmış vəziyyətdə olublar:
“Onların bir qismi tarixən yaşadıqları dövlətlərdə sülh şəraitində birgə mövcudluğun tərəfdarı olsa da, digər qruplar inqilabi, müxalif, bəziləri isə hətta terror qruplaşmalarına çevrilməyi üstün tutublar. Bu mənada Türkiyə Osmanlının dağılmasından sonra terrorçu kürd qruplarının separatçı fəaliyyətindən uzun onilliklər boyu ciddi əziyyət çəkən dövlət olub. Odur ki, Türkiyənin Yaxın Şərq siyasəti və region ölkələrindəki kürd etnik qruplarının hərbi-siyasi fəaliyyətinə münasibəti ilk növbədə milli təhlükəsizlik maraqlarından irəli gələrək formalaşıb.

Şəhla Cəlilzadə
Başqa sözlə, Türkiyə sərhədləri yaxınlığında yaşayan etnik kürd qruplarının yaşadıqları dövlətlər daxilində separatçı meyllərini deyil, vahid dövlətçilik ideologiyasını təşviq edib. Bu, həm Suriya, həm İraq, həm də İran kürdlərinə aiddir. Elə buna görə də, xüsusilə “Ərəb baharı” dövründə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı formalaşarkən Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün buradakı kürd qrupları ilə əməkdaşlığı artırmış, onlar Türkiyənin regiondakı təsirinə strateji dərinlik qazandırıblar. Hazırda bu qruplara dəstəyin göstərilməsi region ölkələrinin qlobal güclərin parçalanma layihələrindən qorunmasına xidmət edir.
İranda kürd qrupları ilə bağlı Türkiyənin müvafiq çağırışını da məhz bu çərçivədə dəyərləndirmək olar. Bilirik ki, İrana qarşı müharibəyə başlayan ABŞ və İsrailin ilkin mərhələdə daha sərt ssenariləri var idi – ya rejim dəyişdirilməli idi, alınmazsa, ölkə parçalanmalı idi. Bu isə İrandakı etnik qrupların prosesə cəlb edilməsi üzərindən mümkün ola bilərdi. Lakin Türkiyə İranın dövlət olaraq ərazi bütövlüyünün qorunmasında maraqlıdır və bu istiqamətdə açıq rəsmi bəyanatlar da səsləndirilib”.
Turan Rzayev
Globalinfo.az